Azərreyl 1/8 final mərhələsinə yüksəldi
17 Yanvar 2012 Çərşənbə Axşamı 22:55
Voleybolçularımız Çempionlar Liqası çərçivəsində Rumıniyanın "Tomis" klubunu 3:0 hesabı ilə məğlub edib.
Voleybol üzrə qadınlardan ibarət “Azərreyl” klubu Çempionlar Liqası çərçivəsində növbəti oyununa çıxıb. Faiq Qarayevin yetirmələri doğma divarlar arasında Rumıniyanın “Tomis” klubu ilə qarşılaşıb.
“D” qrupunda mübarizə aparan təmsilçimiz bu mövsüm ilk görüşünü məhz Rumıniyanın “Tomis” komandasına qarşı keçirmişdi və səfərdə darmadağına imza atmışdı - 3:0. Komandamız bu dəfə rumın klubu ilə qarşılaşmada çətinlik çəkməyib.
Qarşılaşmaya gəlincə, oyun voleybolçu qızlarımızın üstünlüyü şəraitində başlayıb. Komandamız ilk hissəni 25-20 hesabı ilə irəlidə bitirib. Buna baxmayaraq, “dəmiryolçu”lar 1-ci seti itki ilə başa vurub. Oksana Parxomenko zərbə endirərkən dizindən zədələnib. 10 nömrəli voleybolçumuza həkim müdaxiləsi də yetərli olmadığından, o meydandan birbaşa xəstəxanaya aparılıb.
“Dəmiryolçu”lar ikinci hissəyə də aktiv başlayıb. 2-ci setdə rəqibinə şans verməyən təmsilçimiz seti 25-16 ilə qazanıb.
Sonuncu, üçüncü setdə komandamız üçün uğurlu alınıb: 27-25. Beləliklə, “Azərreyl” rəqibini ümumi hesabda 3-0 hesabı ilə məğlub etməklə, 1/8 final mərhələsinə qrup lideri kimi yüksəlib.
Qeyd edək ki, bu gün Çempionlar Liqasında daha bir klubumuz mübarizəyə qoşulacaq. “Rabitə” səfərdə “Myulhaus” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.
DOSTLARINLA PAYLAŞ: