Azərikimya Qubada səmtləşmə idman növü üzrə yarış keçirib
17 İyul 2012 Çərşənbə Axşamı 17:27
2012-ci ilin «İdman ili» elan edilməsindən ötən dövr ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin (İB) təşəbbüsü ilə idmanın bir neçə növü üzrə birlik və Sumqayıt müəssisələri arasında təşkil edilmiş çoxsaylı yarışların siyahısına daha bir maraqlı yarış əlavə olunub.
İB-dən “APA-Economics”ə verilən məlumata görə, iyulun 14-15-də Quba rayonunun Amsar kəndi ərazisində “Sumqayıt” Peşəkar Futbol Klubunun, mətbuat nümayəndələri komandalarının və s. qatıldığı, Birliyin müəssisə və idarələrinin komandaları ilə birlikdə 10 komandanın iştirakı ilə keçirilən, maraqlı idman növü olan səmtləşmə üzrə yarışlara yekun vurulub.
Mövcud qaydalara uyğun şəkildə təşkil edilmiş yarışlarda 5 nəfərlik heyətlə çıxış edən komandalar iki gün ərzində 3 kilometrlik məsafəni qaçmaqla qət etmək, kəndir üzərində hərəkət, iplə tullanmaq, daşlar üzərində yerimək, kompasla səmtləri müəyyən etməklə hədəfi tapmaq və s. növlər üzrə güclərini sınayıblar.
«Azərikimya» İB-in Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin və müəssisə rəhbərlərinin də iştirak etdiyi, maraqlı və gərgin mübarizə şəraitində keçən, səmtləşmə idman növünün kimyaçılar arasında kütləviləşməsinə, onların asudə vaxtının səmərəli təşkilinə və sağlamlıqlarının möhkəmləndirilməsinə xidmət edən yarışlarda daha çox əzmkarlıq nümayiş etdirən “Sumqayıt” Peşəkar Futbol Klubunun, İB-in idarə aparatının və “Üzvi sintez” zavodunun komandaları müvafiq olaraq I, II və III yerləri tutublar. Qalib komandalar pul mükafatı və fəxri fərmanlarla təltif olunublar.
DOSTLARINLA PAYLAŞ: