Azərbaycanlı idmançı Türkiyədə Sambo Federasiyası yaradır
01 Sentyabr 2011 Cümə Axşamı 10:16
İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanlı sambo ustası Qədir Məmmədov Türkiyədə Sambo Federasiyası yaratmaq üçün hazırlıq işləri aparır.


Bu barədə APA-nın Türkiyə bürosuna məlumat verən Qədir Məmmədov bildirib ki, Türkiyənin müvafiq dövlət qurumları ilə apardığı danışıqlardan sonra idmanın bu növünün ölkədə tanıdılması və inkişaf etdirilməsi üçün federasiya yaratmaq qərarına gəlib: “Türkiyədə idmanın bu növünü az tanıyırlar. İstanbulun mərkəzində açdığım sambo təlimi mərkəzində dərs verməklə yanaşı, keçən ilin dekabrında sambo silahsız özünümüdafiə klubları dərnəyi yaratmışam. Bilirsiniz ki, Dünya Sambo Federasiyasının fəxri prezidenti Rusiyanın baş naziri Vladimir Putindir. Rusiya Sambo Federasiyası idmanın bu növünün Türkiyədə də inkişaf etdirilməsi üçün məni dəstəkləməyə söz verib. Türkiyədə Sambo Federasiyası yarada bilməyim üçün hər şeydən əvvəl sambo üzrə çempionat keçirməliyəm. Sambonu tanıtma və reklam materialı kimi böyük kataloq çap etdirmişəm. Tələb edilən şərtlər yerinə yetirilən kimi Gənclik və İdman Baş İdarəsi federasiyaya lazımi maddi yardımı edəcək və bizə də illik büdcə ayrılacaq. İstanbul bələdiyyəsi təlim vermək və ya yarışlar keçirmək üçün bütün idman salonlarını pulsuz şəkildə bizim ixtiyarımıza verməyə hazırdır. Bolqarıstandan və İtaliyadan oradakı turnirlərdə iştirak etmək üçün dəvət alsaq da, hələ ki maddi imkanlarımız xaricdəki turnirlərdə iştirak etməyə əl vermir. Türkiyənin zəngin iş adamlarının samboya yaxından maraq göstərəcəyinə və bəzi başlanğıc layihələrimizə dəstək verəcəyinə inanıram. Sambo Federasiyamız rəsmi şəkildə təsdiq ediləndən sonra türk dövləti büdcədən bizə də pul ayıracaq”.

Azərbaycanda idmanın bu növünün çox inkişaf etdiyini xatırladan Q. Məmmədov sambonun Türkiyədə tanıdılması və inkişaf etdirilməsi üçün Azərbaycanın təcrübəsindən faydalanacağını vurğulayıb. 1975-ci ildə Ağdamda anadan olan Q. Məmmədov 1991-ci ildə həmkarlar təşkilatlarının sambo üzrə çempionatında SSRİ çempionu olub. 1995-ci ildən İstanbulda yaşayır. İstanbul Universitetində təhsilinə davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar