Azərbaycanlı idmançı Eduard Məmmədov11-ci dəfə dünya çempionu oldu
27 Oktyabr 2009 Çərşənbə Axşamı 20:40
Kikboksçumuz Eduard Məmmədov Avstriyada keçirilmiş dünya çempionatında qızıl medal qazanıb
Kikboksinq üzrə Azərbaycanın milli komandası Avstriyada keçirilmiş dünya çempionatında çıxış edib. Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) versiyası üzrə baş tutan yarışda ölkəmiz 14 idmançı ilə təmsil olunub. Kikboksçularımız vətənə 3 qızıl, 1 gümüş və 3 bürünc medalla qayıdıb.
Təmsilçilərimizdən kikboksinqin lou-kik üslubunda mübarizə aparan Eduard Məmmədov (60 kq), Pərviz Abdullayev (71 kq) və Ehram Məcidov (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turan Qafarov (67 kq) K-1 üslubunda gümüş, Emin Kərimov (54 kq), Rolan Quliyev (57 kq), Kənan Sadıqov (75 kq) isə lou-kik üslubunda bürünc medala yiyələnib. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında Rusiyadan sonra 2-ci yeri tutub.
Qeyd edək ki, Eduard Məmmədov karyerası ərzində 11-ci dəfə kikboksinq üzrə dünya çempionu tituluna sahib çıxıb. Məmmədov bu il kikboksinqin WPKA (Ümumdünya Həvəskar Kikboksinq Assosiasiyası) versiyasında da iki qızıl medal qazanıb. Hazırda o, Azərbaycanın ən titullu idmançısı sayılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: