Azərbaycanlı idmançı çempion oldu
20 Mart 2010 Şənbə 22:15
Universal döyüşçümüz Belarusu təmsil edib
Şərqi Avropanın ən yaxşı universal döyüşçüləri arasında Minskdə keçirilən “K-1 World Max 2010 East Europe Tournament” superturnirində azərbaycanlı idmançılar da güclərini sınayıblar.
Turnirdə 86 kiloqramçəki dərəcəsində çıxış edən həmyerlimiz Zabit Səmədov çempion adını qazanıb. Finalda hollandiyalı idmançı Rodni Qlanderi məğlub edən Zabit Dünya çempionu adına sahib çıxıb.
Minskdə çıxış edən digər həmyerlimiz Zamin Hüseynov final mərhələsində belarus Vitali Qurkova məğlub olub.
K-1 döyüş növü İşi Kozuyoşi tərəfindən yaradılıb. Təsisçinin məqsədi bütün döyüş növlərinə aid olan idmançıların bir rinqdə mübarizəsini təşkil etmək olub. Hazırda K-1 döyüşlərində karate, uşu, muay-tay, taekvondo, kikboksinq, hətta Amerika futbolu ilə məşğul olan idmançılar da iştirak edirlər.
Peşəkar döyüş növləri arasında K-1 ən yüksək mükafat verən təşkilatlardan biridir. Dünya “qran-pri”sinin qalibi 600 min ABŞ dolları həcmində mükafat alır. “Qran-pri”yə vəsiqə qazanmaq isə o qədər də asan deyil. Bunun üçün dünyanın dörd bir tərəfində “Fighting Network”un regional yarışları təşkil edilir və qaliblər “qran-pri”yə vəsiqə qazanırlar.
Bu yarışın iştirakçılarından biri, həmyerlimiz, Amsterdam və Las Veqas “qran-pri”lərinin finalçısı Zabit Səmədov Azərbaycanda anadan olsa da, Belarusu təmsil edir. Belarusun paytaxtı Minskdə “çinuk Gim” komandasının şərəfini qoruyur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: