Azərbaycanlı atlet təkanla ağırlıqqaldırmada Avropa çempionu olub
14 Sentyabr 2011 Çərşənbə 10:48
Firudin Quliyev dünya rekordunu təzələyib


Bakı – APA. Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər və yaşı 23-ə qədər olan idmançılar arasında ağır atletika üzrə Avropa çempionatında yarışların ikinci gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, birincilikdə Azərbaycan milli komandasının istedadlı atleti Firudin Quliyev möhtəşəm nəticə göstərərək, adını tarixə yazdırıb. 69 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançımız təkanla qaldırmada yeniyetmələr arasında dünya rekordunu yeniləyib.

Belə ki, 17 yaşlı atletimiz əvvəlcə birdən qaldırmada yarışlarında mübarizəyə qoşulub. İlk cəhddə 126, sonra 130 kq-lıq ağırlığı başı üzərinə qaldıran Firudin sonda sifariş etdiyi 133 kq-ın öhdəsindən gələ bilməyib. Bu nəticə ilə o birdən qaldırmada 9-cu yeri tutub.

Ancaq millimizin üzvü bu uğursuzluqdan sonra ruhdan düşməyib və gücünü toplayaraq fantastik nəticə göstərib. Firudin təkanla qaldırmada əvvəlcə 167 kq-ı qaldırıb. Daha sonra 171 kq-ın öhdəsindən gələn Quliyev, son cəhdində dünya rekordunu – 173 kq çəkini sifariş verib.

Təmsilçimiz bu çəkini də başı üzərinə qaldırmaqda çətinlik çəkməyib. O bununla da həm 10 illik medal həsrətimizə son qoyub, həm də yeni dünya rekordu müəyyənləşdirib. 2001-ci ildə yeniyetmələr yığmamızın hazırkı baş məşqçisi Nizami Paşayevin qazandığı gümüş medaldan sonra Azərbaycan milli komandası gənclərin yarışında uğura həsrət qalmışdı.

Bundan əlavə, 69 kq çəki dərəcəsində indiyə kimi dünya rekordu albaniyalı Erkand Gerimaya məxsus idi. O, 2005-ci ildə Slovakiyanın Trençin şəhərində keçirilən Avropa çempionatında 172 kq çəkini təkanla qaldırmışdı. Quliyev 6 illik rekordu 1 kq yeniləyib.

Nəticədə atletimiz təkanla qaldırma hərəkətində Avropa çempionu adını qazanıb. İdmançımız 2 hərəkətin cəmində isə 303 kq (130 kq + 173 kq) nəticə göstərərək bürünc medala yiyələnib.

Bu çəkidə daha bir gənc atletimiz də iştirak edib. 2010-cu il yeniyetmələr arasında Sinqapur Olimpiya Oyunlarının qalibi olan Nicat Rəhimov gənclər arasında Avropa çempionatında debüt edib və yarışı medalsız başa vurub. O 2 hərəkətin cəmində 287 kq (132 kq + 155 kq) çəkinin öhdəsindən gəlməklə, 8-ci yeri tutub.

Qeyd edək ki, bu idmançılarımızdan öncə podiuma çıxan Kamran İsmayılov (77 kq) 4-cü (125 kq + 150 kq), Rauf Nəbiyev (62 kq) isə (107 kq + 132 kq) 9-cu pillədə qərarlaşmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar