Azərbaycanın ən titullu güləşçilərinin məvacibləri azaldılıb
08 Mart 2011 Çərşənbə Axşamı 18:01
Azərbaycan Güləş Federasiyasının toplantısında vacib qərarlar qəbul edilib
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunun yunan-Roma güləşi zalında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, məşqçilər və idmançıların iştirakı ilə mətbuata açıq toplantı keçirilib. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, toplantıda yunan-Roma güləşçilərimizin son günlərdə iştirak etdiyi beynəlxalq turnirlərin, eləcə də Belarusun paytaxtı Minskdə keçirilən Dünya Kuboku turnirinin nəticələri təhlil edilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi yunan-Roma güləşi üzrə Belarusun paytaxtı Minskdə keçirilmiş Dünya Kuboku turnirinin nəticəsindən narazıdır və qeyd olunan yarışda yığma komandanın lider idmançılarının imkanlarından aşağı səviyyədə güləşmələrinin səbəblərini araşdırır. Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov Minskdə keçirilmiş Dünya Kuboku turnirinin nəticəsinin naraharlıq üçün kifayət qədər əsas verdiyini bildirərək idmançı və məşqçi heyətindən bunun səbəblərini açıqlamağı tələb edib. Vitse-prezident federasiya rəhbərliyi tərəfindən idmançılar üçün hər cür şəraitin yaradıldığını, məşqçilər korpusu tərəfindən idmançıların hazırlığı üçün bütün işlərin görüldüyünü vurğulayıb. Amma Rövşən Bayramov, Həsən Əliyev, Vitali Rəhimov kimi titullu idmançıların Dünya Kubokunun vacib qarşılaşmalarında etimadı doğrultmaması yekunda komandamızın medalsız qalması ilə nəticələnib ki, bu da bir sıra vacib qərarların qəbul edilməsinə gətirib çıxarıb. Belə ki, lazımi nəticənin qazanılmaması sözügedən yarışda iştirak edən idmançıların məvaciblərinin yarıbayarı kəsilməsi ilə nəticələnib. “Biz lider idmançıları bu ayın sonunda Almaniyada start götürəcək Avropa çempionatından azad etmək istəyirdik, amma Minskdə zəif güləşdikləri üçün qərara aldIq ki, onlar öz günahlarını yumaq üçün mütləq Avropa çempionatında iştirak etməlidirlər”, - deyə Elçin Cəfərov işinə məsuliyyətlə yanaşmayan istənilən idmançının titulundan asılı olmayaraq yığmadan kənarlaşdırılacağını bildirib.
Millinin baş məşqçisi Fərid Mansurov isə Avropa çempionatına qədər çatışmazlıqların aradan qaldırılacağına inandığını bildirib: “Biz idmançılara onların səhvlərini başa salmışıq. Avropa çempionatına qədər vaxt var. Bu onlar üçün bir şansdır və çalışıb etimadı doğrultmalıdırlar. Onlar vətən, bayraq üçün güləşməlidirlər. Çünki güləşçilər üçün ölkə idman rəhbərliyi, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi nə lazımdırsa edib”.
DOSTLARINLA PAYLAŞ: