Azərbaycanın ən müasir stadionu əldən gedir
08 Oktyabr 2010 Cümə 17:10
"Fırtınalar meydanı"nın ot örtüyü yararsız hala düşüb.
Bir neçə gün ərzində yağan güclü yağış Lənkəran şəhər stadionunun ot örtüyünü yenidən bərbad vəziyyətə salıb. Hazırda stadionun qazonu tamamilə su altındadır. Bu azmış kimi qazonda müxtəlif yabanı bitkilər cücərməyə başlayıb.
Bunun səbəblərini stadionun direktoru Höccət Hacıyev belə izah edib: "Keçən ayın 11-də Lənkərançay öz məcrasında çıxıb ətraf ərazini ağuşuna almışdı. Stadion da bildiyiz kimi sel sularının altında qalmışdı. Baxın bu qəribə bitkilər də həmin selin yadigarıdır. O vaxt toxumları sel gətirib və indi yağışdan sonra cücərib. Bir neçə gün ardıcıl yağan yağış da olan-qalan ot örtüyünü məhv edib. Burada əkilən bir neçə ot növü var ki, drenaj sisteminin işləməməsi nəticəsində onlar da yanırlar".
H.Hacıyev drenaj sisteminin işləməməsinə isə bu cür aydınlıq gətirib: "Drenaj sisteminin də incəlikləri var. Sel buranı basandan sonra sistem də korlanıb. Selin gətirdiyi gil və palçıq drenaj sistemini demək olar ki, sıradan çıxarıb. Meydançadan suyun süzülməsi mümkünsüzləşib. Buna görə də yenicə bərpa etmək istədiyimiz ot örtüyü gözümüzün önündə yenə məhv olur, ot saralıb yanır". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: