Azərbaycanın ən güclü baykerləri məlum oldu
18 İyul 2011 Bazar Ertəsi 16:13
Ölkə çempionatının qalibləri qitə birinciliyində qüvvələrini sınayacaqlar.
Lökbatanda motokross üzrə Azərbaycan çempionatının sonuncu, 4-cü mərhələsi keçirilib. Yarışda ümumilikdə 15 bayker mübarizəyə qoşulub. Onlardan 7-i mühərrikinin həcmi 250, 7-i isə 125 kub sm olan motosikillərdə qüvvələrini sınayıblar. Daha bir iştirakçı isə mühərrikinin həcmi 50 kub sm olan dəmir atını şütüyüb. Lakin 12 yaşlı Valeriy Çurin ölkə çempionatında müsabiqədən kənar iştirak edib.

İdmançıların hər birinə 10 dəqiqə olmaqla ümumilikdə 3 şans verilib. Bu 3 girişin yekununa əsasən də sonda yarışın qalibi müəyyənləşib. 250 kub sm-lik baykerlərin yarışında Vaqif Əhmədov hamıdan sürətli olub. Şakir Ağasiyev 2-ci, Rüfət Nəzərov isə üçüncülüklə kifayətlənib. Nail Mustafayev tutumu 125 kub sm olan motosikllərdə qələbəni bayram edib.

Ötən mərhələdə olduğu kimi, bu dəfə də Nail atası Namiq Mustafayevə yol verməyib. Ən güclü üçlüyü isə Müşfiq Mürsəliyev qapayıb.

Qeyd edək ki, ölkə çempionatının qalibləri sentyabrda Bolqarıstanda təşkil olunacaq Aavropa çempionatında qüvvələrini sınayacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar