“Azərbaycan yığması bizə çətinlik yarada bilər”
07 İyun 2011 Çərşənbə Axşamı 03:51
“Türkiyə yığmasına qalib gələn bir komanda zəif hesab oluna bilməz”
Almaniya yığma komandasının meneceri Oliver Birhoff futbol üzrə “Avro-2012”-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli yığma komandası ilə qarşılaşma ərəfəsində Bakıda yerli və alman jurnalistlərinin iştirakı ilə mətbuat konfransı keçirib. AzərTAc xəbər verir ki, yenidən Azərbaycanda olmaqdan məmnun olduğunu bildirən Oliver Birhoff Almaniya yığma komandasının Azərbaycan yığması ilə qarşıdakı görüşə hazırlığı barədə məlumat verib. O, deyib ki, Almaniya yığması oyuna hazırdır.

O.Birhoff rəqib komanda haqqında danışarkən Azərbaycan yığmasının gənc və güclü rəqib olduğunu, komandanın sürətli futbol oynamağa çalışdığını bildirmişdir. Almaniyalı mütəxəssis deyib: “Türkiyə yığmasına qalib gələn bir komanda zəif hesab oluna bilməz. Məqsədimiz Azərbaycanla oyunda 3 xal qazanmaqdır. Əsas futbolçularımızdan bəzilərinin hazırda heyətdə olmamasına baxmayaraq çalışacağıq ki, Azərbaycanda lazımı nəticəni əldə edək. Əvvəl də burada oynamışıq. Azərbaycanın Türkiyə və Belçika ilə oyunlarını təhlil etmişik. Bilirik ki, Azərbaycana qarşı oynamaq heç də asan olmayacaq. Azərbaycan yığması bizə çətinlik yarada bilər. Oyunların təhlili göstərir ki, Azərbaycan komandası onları ciddi qəbul etməyənləri cəzalandıra bilir”.

Oliver Birhoff bu cür halların baş verməməsi üçün mübarizə əzmini artıracaqlarını qeyd edib. O, vurğulayıb ki, Azərbaycan yığması əks hücumlarda olduqca təhlükəli ola bilir. Həmyerlisi, Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqtsa oyunda güzəştə getməyəcəklərini vurğulayan qonaq “İdmanda heç bir güzəşt olmur” deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar