Azerbaycan yığması Avropa birincisi oldu
08 İyul 2013 Bazar Ertəsi 05:07
Makedoniyada gənclər arasında güləş üzrə Avropa çempionatına yekun vurulub.
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Güləşçilərimiz son gündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb və komanda hesabında Avropa birincisi olub.

55 kq
1/8 finaldan mübarizəyə başlayan Ruslan Surxayev Ukrayna güləşçisi Vitali Rudenkonu (8:0) məğlub edib. 1/4 finalda erməni Artak Hovannistanla qarşılaşan təmsilçimiz 10:2 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Polşa güləşçisi Tomazs Ogonovskini tam üstünlüklə (5:0) məğlub edən Ruslan Surxayev finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Türkiyə güləşçisi Nebi Uzun olub. Tam üstünlüklə (5:0) qalib gələn güləşçimiz Avropa çempionu olub.

66 kq
Hacımurad Ömərov da 1/8 finaldan yarışa qoşulub, fransız Conni Buru (8:0) məğlub edən güləşçimiz 1/4 finala yüksəlib. Bu mərhələdə o, gürcü Davit Buziaşvili ilə qarşılaşıb. 11:3 hesablı qələbə güləşçimizi yarımfinala yüksəldib. Yarımfinalda alman Kevin Henkeli də (8:0) məğlub edən Hacımurad finala yüksəlib. Ancaq finalda Türkiyə güləşçisi Selahaddin Kılıçsallayanla görüş güləşçimiz üçün uğurlu alınmayıb və Hacımurad Ömərov gümüş medalla kifayətlənib.

84 kq
Orxan Şərifov 1/16 finaldan mübarizəyə başlayıb, macar Daniel Halasi üzərində (6:0) qələbə onu növbəti mərhələyə yüksəldib. Ancaq bu mərhələdə Orxan bolqar İren Yurukova (3:1) məğlub olub və mübarizəni dayandırıb.

120 kq
Əli Maqomedabirovun ilk rəqibi isə Rusiya güləşçisi Edvard Kodolayev olub. Təmsilçimiz (8:0) qalib gəlib gəlib. 1/4 finalda Türkiyə güləşçisi Yunus Emre Dedeni (4:3) məğlub edən Əli yarımfinala yüksəlib. Yarımfinalda gürcü Geno Petriaşviliyə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Erməni güləşçisi Hamlet Abrahamyanı tam üstünlüklə (5:0) məğlub edən Əli Maqomedabirov Avropa çempionatının bürünc mükafatını qazanıb.

Xatırladaq ki, sərbəst güləşçilərimiz yarışların ilk gününü 2 gümüş və 1 bürünc medalla tamamlayıb.

Ümumilikdə, 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa birincisi olub. İkinci sırada Rusiya (53 xal), üçüncü sırada isə Türkiyə (52 xal) qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar