Azerbaycan üçün tarixi şans
19 Sentyabr 2013 Cümə Axşamı 05:40
24 komandanın iştirak edəcəyi qitə birinciliyinə vəsiqə qazanmaq uğrunda Azərbaycan da öz qüvvəsini sınayacaq.
Xəbər verdiyimiz kimi, UEFA İcraiyyə Komitəsinin Xorvatiyada keçirilən son iclasında 2016-cı ildə baş tutacaq Avropa Çempionatının seçmə mərhələsinin hansı sistemlə keçiriləcəyinə aydınlıq gətirildi. Azerisport.az xəbər verir ki, ilk dəfə final mərhələsində 24 komandanın iştirak edəcəyi bu qitə birinciliyinə vəsiqə qazanmaq uğrunda Azərbaycan da öz qüvvəsini sınayacaq.
Elə isə, görək AÇ-2016-nın seçmə mərhələsi hansı sistemlə keçiriləcək və yığmamızın bu qitə birinciliyində iştirak etmək şansları nə dərəcədə yüksək olacaq?
Bəribaşdan qeyd edək ki, seçmə mərhələdə 54 yığma komanda iştirak edəcək. İştirakçılar seçmə mərhələnin püşkatmasından sonra hərəsində 6 komanda olmaq şərtilə 9 yarımqrupa bölünəcəklər. Bu turnirə ev sahibliyi edəcək Fransa yığması avtomatik olaraq ilk vəsiqəyə sahib çıxıb. Qalan 23 iştirakçı isə seçmə mərhələdə uğurlu çıxış etməklə istəyinə çatacaq.
Məhz Fransa ilə bağlı seçmə mərhələdəki bir qrupda maraqlı vəziyyət yaranacaq. Məsələ burasındadı ki, fransızların yer alacağı qrupdan final mərhələsinə dörd komanda vəsiqə qazanacaq. Təbii ki, onlardan fransızlar olacaq.
Əslində isə, yeni sistemə görə, hər qrupdan ilk iki yeti tutan komanda birbaşa AÇ-yə vəsiqə qazanacaq. Daha bir xoşbəxt komanda isə doqquz qrupda ən yaxşı göstəriciyə malik üçüncü yerin sahibi olacaq. Qalan qrupların səkkiz üçüncü yer sahibi isə AÇ-yə son dörd vəsiqənin qalibini müəyyənləşdirməlidi. Bunun üçün həmin komandalar arasında pley-off oyunları təşkil olunacaq və daha güclülər qitə birinciliyinə yollanacaqlar.
Aydın məsələdi ki, artıq indidən əksər yığma komandalar məhz Fransa ilə bir qrupda yer almağı çox arzulayacaqlar. Axı fransızlar üçüncü pillədən aşağıda yer almasalar, bu qrupdan hətta dördüncü yeri tutacaq komandanın da qitə birinciliyinə yollanmaq şansı olacaq. Həmin komanda ən azından pley-offda oynamaq şansına malik olacaq. Bu baxımdan Azərbaycanın vaxtilə 10 cavabsız qolla uduzduğu Fransaya yenidən rəqib olmasını arzulamalı olacağıq. Hər halda komandamızdan ən azı belə bir qrupda dördüncü yeri tutmağı tələb etmək haqqımız çatacaq. Amma hətta fərqli qruplardan da üçüncü olmaq üçün mübarizə aparmaq olar.
Bu mənada seçmə mərhələnin püşkatması zamanı bəxtimizin nə dərəcədə gətirəcəyindən çox şey asılıdı. Həmin püşkatma mərasimi gələn il fevralın 23-də Fransanın Nitsa şəhərində keçiriləcək. Seçmə mərhələnin oyunlarına isə 2014-cü ilin sentyabr ayında start veriləcək.
Final mərhələsinə gəlincə, 24 komanda hərəsində dörd komanda olmaq şərtilə altı qrupa bölünəcəklər. Qitə birinciliyinin pley-off mərhələsi də yeni qaydalara görə 1/4 yox, 1/8-dən başlayacaq.
DOSTLARINLA PAYLAŞ: