Azərbaycan Türkiyəni də məğlub etdi
06 Yanvar 2010 Çərşənbə 22:35
Yığmamız Bursa şəhərində keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb
Şahmat üzrə Azərbaycan yığma komandası Türkiyənin Bursa şəhərində keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb. Şahmatçılarımız bu dəfə türkiyəli həmkarlarından üstün olub. İkinci turda Türkiyə yığma komandası ilə görüşdə Azərbaycan şahmatçıları favorit sayılırdı. Komandamızın kapitanı Zurab Azmayparaşvili yığmamızın liderlərindən olan Teymur Rəcəbova istirahət vermişdi. Onun əvəzinə ikinci lövhəyə əyləşən Qədir Hüseynovun Mustafa Yılmazla görüşü də hər kəsdən tez başa çatdı. Tərəflər heç-heçəyə razılaşdılar. Vüqar Həşimovla Şəhriyar Məmmədyarovun rəqibləri ilə dueli isə təxminən eyni vaxtda başa çatdı. Vüqar Türkiyə komandasının ən reytinqlisi şahmatçısı Mərt Ərdoğduya qalib gəldi.
Ermənilərlə görüşün qəhrəmanı Şəhriyar Məmmədyarovda dünya çempionatında ikinci görüşünü yüksək səviyyədə keçirdi. Şəhriyar Emre Canı məğlub etdikdən sonra dəqiqləşdi ki, Azərbaycan yığma komandası turnirin ikinci görüşünü də qələbə ilə başa vuracaq. Çünki Nicat Məmmədovla Burak Fıratın görüşünün nəticəsi ümumi hesaba təsir etməyəcəkdi. Bu şahmatçıların qarşılaşmasının vaxt sarıdan uzanması Azərbaycan yığmasının qələbəsinin rəsmiləşməsini ləngitməkdən başqa bir şey olmadı. Üstəlik, Nicat da lövhəni məğlub etmədən tərk etdi.
Yekun nəticədə 3-1 hesablı qələbə qazanmış Azərbaycan yığma komandası iki turdan sonra maksimum nəticə ilə 1-2-ci yerləri bölüşdürür. Həmyerlilərimizlə yanaşı Amerika Birləşmiş Ştatlarının komandası da hər iki oyunu qələbə ilə başa vurub. Dünya çempionatında 3-cü turun görüşləri sabah keçiriləcək. Şahmatçılarımızın rəqibi hindistanlı həmkarları olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: