Azərbaycan rekorda imza atdı
21 Sentyabr 2011 Çərşənbə 10:05
Bakıda keçiriləcək boks üzrə dünya çempionatında 685 idmançı iştirak edəcək
Heydər Əliyev adına İdman-Konsert Kompleksində sentyabrın 26-da start götürəcək boks üzrə dünya çempionatında Beynəlxalq Boks Federasiyası (AİBA) tarixində rekord sayda idmançı iştirak edəcək. Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən son məlumata görə, turnirdə 127 ölkənin 685 təmsilçisi qələbə uğrunda mübarizə aparacaq.
Rumıniya Boks Federasiyası AİBA tərəfindən diskvalifikasiya olunsa da, Beynəlxalq Boks Federasiyası bu ölkənin təmsilçilərinin Bakıdakı iştirakına icazə verib.
Son anda Madaqaskar komandası yarışa gəlməkdən imtina edib. Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışda Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Kuba, Meksika, ABŞ, Çin, Hindistan, Tacikistan, Özbəkistan, Belarus, Bolqarıstan, Gürcüstan, Almaniya, Macarıstan, İrlandiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Avstraliya tam tərkibli heyətlə (10 boksçu) çıxış edəcəklər.
Qeyd edək ki, milli komandamızda Soltan Migitinov London Olimpiadasına lisenziya qazandığından, dünya çempionatında 75 kq çəki dərəcəsində təmsilçimiz olmayacaq.
DOSTLARINLA PAYLAŞ: