Bu gün Azərbaycan voleybolu tarixində yeni səhifə yazıla bilər. Belə ki, Bakının qadınlardan ibarət “Rabitə" voleybol klubu Çempionlar Liqası kubokunu Bakıya gətirmək üçün İstanbulun Burhan Fələk arenasında final oyununa çıxacaq. Həlledici oyunda komandamızın rəqibi Türkiyənin “Vakıfbank" klubu olacaq. Maraqlıdır ki, bu klublar artıq ikinci dəfə Çempionlar Liqasının finalında üz-üzə gələcəklər. Bu komandalar arasında 2011-ci ildə elə İstanbulda baş tutan dördlər finalında “Vakıfbank” təmsilçimiz üzərində qələbə qazanmışdı.
Lakin bu mövsüm Çempionlar Liqasında yeganə məğlub olmayan komanda statusunu daşıyan "Rabitə"nin tarix yazmaq şansı böyükdür. Üstəlik heyətində Madelin Montano, Akinradevo, Angelina Qrün və Mira Qoluboviç kimi dünya səviyyəli voleybolçuların çıxış etdiyi komandamız bu vəzifənin öhdəsindən gələcək gücdədir. Düzdür, doğma meydan amili rəqibin xeyrinədir. Lakin hər halda "Rabitə"nin baş məşqçisi Marçello Abbondanzanən komandanı psixoloji cəhətdən güclü hazırlayacağını indidən təxmin etmək olar. Abbondanzadan söz düşmüşkən, italiyalı mütəxəssis mətbuat konfransında Çempionlar Liqasının finalında kiminlə qarşılaşacaqlarının onun üçün fərq etmədiyini bildirib. Abbondanza, eyni zamanda, final oyunun turnirin yaraşığı olacağını da qeyd edib.
Xatırladaq ki, “Rabitə” və “Vakıfbank” komandaları arasında keçiriləcək final oyunu bu gün Bakı vaxtı ilə saat 19-da baş tutacaq.