Azərbaycan klublarında yeni vəzifə yaradıldı
03 Fevral 2014 Bazar Ertəsi 13:49
Azərbaycan klublarında yeni vəzifə yaradıldı. Klublarda idman direktorları fəaliyyətə başlayıb.
Klublarda idman direktorları fəaliyyətə başlayıb. ANS PRESS-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Qrumun İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi.
Artıq baş katiblik tərəfindən bu qərarın icrasına başlanılıb. Fevralın 1-dən etibarən Daryl Willard (İngiltərə) "AZAL", Frank Bernhardt (Almaniya) "Sumqayıt" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb. "Qəbələ" klubunda isə Stanley Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir.
Digər klublarda idman direktorlarının martın 1-ə qədər işə başlayacağı nəzərdə tutulub.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
DOSTLARINLA PAYLAŞ: