Azərbaycan klubları avrokuboklarda çıxışa başlayır
30 İyun 2011 Cümə Axşamı 02:04
Bu axşam AZAL-"Minsk" və "Banqa"-"Qarabağ" oyunları keçiriləcək.
Bu gün Azərbaycan klubları avrokuboklarda 16-cı mövsümə başlayacaq. Apasport.az saytının məlumatına görə, AZAL-la “Qarabağ” 2011/12 mövsümündə mübarizəyə başlayan ilk təmsilçilərimiz olacaq. “Təyyarəçilər” Belarusun “Minsk” klubunu qəbul, Ağdam təmsilçisi Litva “Banqa”sını qonaq edəcək.

Əslində avrokuboklarda yeni mövsüm artıq başlasa da, Avroliqadan fərqli Çempionlar Liqasında I təsnifat mərhələsində iştirakdan azaddır. Bu üzdən “Neftçi” Avropanın ən nüfuzlu turnirində mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Avroliqada daha bir təmsilçimiz olan “Xəzər Lənkəran” isə ölkə kubokunun qalibi olduğundan, II mərhələdən başlamaq hüququna malikdir. Buna görə də son çempionatımızın qızıl və gümüş medalçıları iyulun ortasında dalbadal iki gündə oynayacaqlar. “Neftçi” ilə “Xəzər Lənkəran”ı Zaqreb “Dinamo”su və Təl-Əviv “Makkabi”si kimi güclü rəqiblər gözləyirsə, AZAL-la “Qarabağ” daha zəif komandalara düşdüklərindən, mərhələ keçmək şansları çoxdur.

İlk təmsilçilərimiz mübarizəyə eyni gündə başlasalar da, siftəni bakılılar edəcək. Çünki “təyyarəçilər”in Belarusun son bürünc medalçısı ilə görüşü daha tez - saat 20:00-da başlayacaq. “Qarabağ” isə Litva çempionatında son mövsümü 6-cı yerdə bitirən “Banqa” ilə səfər görüşünə Bakı vaxtilə saat 20:30-də çıxacaq. Əslində AZAL da püşkə görə ilk oyunu rəqib meydanında keçirməli olsa da, UEFA sonradan məkanın yerini dəyişdirdi. Bununla da bizim üçün avrokuboklarda yeni mövsümün Şüvəlan qəsəbəsində, yeni açılan AZAL stadionunda başlayacağı müəyyənləşdi. Bununla da FİFA-nın bu il qəbul etdiyi həmin arenada daxili oyunlardan sonra ilk dəfə beynəlxalq görüş keçiriləcək. “Banqa”nın da stadionu süni örtüklü olduğundan, hər 2 komandamız ilk matçlarını təbii qazonda keçirə bilməyəcək. Üstəlik, AZAL-la “Qarabağ” Avroliqaya hazırlıq prosesində yoxlama oyunu da keçirə bilmədilər.

Bu gün ilk oyunlarını keçirəcək baş məşqçilər milli komandamızın sabiq kapitanları, hücumçularıdır. Söhbət Nazim Süleymanovla Qurban Qurbanovdan gedir. Futbolçu kimi avrokubok həyəcanını dəfələrlə yaşayan Süleymanov nəinki AZAL-da ümumiyyətlə, baş məşqçi kimi qitə miqyaslı turnirdə debüt edəcək. “Təyyarəçilər” isə avrokuboklarda ikinci sınağına çıxacaq. Buna qədər 2008-ci ildə həm komandamız, həm də turnir fərqli adda idi. Belə ki, AZAL həmin vaxt “Olimpik” adı ilə Avroliqanın sələfi olan UEFA kubokunda çıxış edirdi və Serbiyanın “Voyvodina” klubu ilə görüşürdü. Səfərdə uduzan (0:1) komandamız evdə 1:1 hesablı bərabərliyə qalaraq, mübarizəni dayandırdı.

“Qarabağ” və baş məşqçisi üçünsə avrokubok təcrübəsi böyükdür. Ağdam klubu son 2 mövsümdə məhz Avroliqada son təsnifat mərhələsinə kimi irəliləyərək, qrup mərhələsinin bir addımlığında büdrədi. Təbii ki, azarkeşlərimiz belə möhtəşəm çıxışdan sonra “Qarabağ”dan ən azı bu uğuru təkrarlamaq, qrup mərhələsinə düşməyi gözləyir. Üstəlik, reytinqi yüksək olduğundan, səpələnmişlər arasına düşən Qurbanovun komandası ilk 2 mərhələdə münasib rəqiblərə düşdü. Hər halda, “Banqa”dan sonra Farer adalarının “Streymur” klubu da keçiləsi rəqiblərdir. Bu mənada “Qarabağ”ın III mərhələyə çıxmaq şansını indidən yüksək qiymətləndirmək olar. Əlbəttə, avrokubok iştirakçılarımız təkcə mərhələ keçmək yox, ölkəmizin UEFA-dakı klub reytinqini qaldırmaq üçün həm səfərdə, həm də evdə maksimum xal qazanmağa çalışmalıdır.

Qeyd edək ki, AZAL - “Minsk” oyununu litvalı Andres Treymanisin, “Banqa” - “Qarabağ” görüşünü islandiyalı Torvaldur Arnason idarə edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar