Azərbaycan idmanında dopinq qalmaqalı
08 Sentyabr 2010 Çərşənbə 17:00
Ağırlıqqaldıranlarımızı 4 ilədək cəza gözləyir.
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvləri Zülfüqar Süleymanov və Rövşən Fətullayevdən götürülən dopinq-testin B probu müsbət nəticə verib. Bu haqda Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.

Onun sözlərinə görə, B probu Almaniyanın Köln şəhərindəki laboratoriyada açılıb. Analiz nəticəsində hər iki idmançının orqanizmində istifadəsi qadağan edilmiş dərman preparatlarının üzə çıxdığı təsdiqlənib.

Apreldə Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında Rövşən Fətullayev (94 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) isə bürünc medal qazanıb. Lakin onlardan götürülən dopinq-testin A probu Rusiyanın paytaxtı Moskvadakı antidopinq laboratoriyasında açılarkən, Fətullayevin orqanizmindən metandionon, Süleymanovdan isə tostesteron tapılıb. Hər iki maddə gücü və əzələlərin müqavimət qüvvəsini artırmaq üçün nəzərdə tutulub və onların istifadəsi qadağan olunub.

Əsgərov ağırlıqqaldıranlarımızı 4 ilədək cəzanın gözlədiyini bildirib. Yekun qərar isə sentyabrın 15-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Türkiyənin İstanbul şəhərində keçiriləcək konqresində veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar