Azərbaycan idmançılarını məşhur italiyalı modelyer geyindirəcək
27 Fevral 2012 Bazar Ertəsi 12:47
Ermanno Scervino Londonda Yay Olimpiya oyunlarında azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edəcək.
Dünya şöhrətli italyan modelyer Ermanno Scervino (Şervino) 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edəcək. Bu barədə məlumatı ANS PRESS-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib. Bunun üçün dünya şöhrətli modelyer Ermanno Scervinonun adını daşıyan moda evinin rəhbəri Toni Scervinonun 27 fevral tarixində Bakıya səfəri başlayır.
Qeyd edək ki, məşhur dizayner Ermanno Scervino ilə əməkdaşlıq 2011-ci ildən başlayıb. Məhz 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən tender elan edilib. Rusiya, Sloveniya, İsveçrə və İtaliya arasında keçirilən tenderin qalibi italyan, adı ilə moda aləmində böyük imzası olan Ermanno Scervino olub. Dizayner Azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb. Mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, gerbi, bir sözlə milli atributları yüksək səviyyədə əks olunub.
Modelyerin fəaliyyətinə gəldikdə isə, Ermanno Scervino dünya şöhrətli itlayan firmaları, korifey modelyerlər, Haute Couturela ilə olan iş birliyindən sonra ciddi olaraq 1999-cu ildə öz şəxsi brendinin tanıtımı ilə məşğul olmağa başlayıb. Modelyer müəyyən müddət Paris şəhərində yaşayaraq rəssam modelyer sənətinin sirlərinə yiyələnib.
Moda dünyasının incəliklərini öyrənən modelyer ilk günlərdən dəb aləminin diqqətini cəlb edib. Modelyerin yeni, qeyri-adi modelləri ilk andan zövqlü italyan xanımlarının böyük marağına səbəb olub.
Dizayner Ermano Scervino və moda evinin rəhbəri Toni Scervinonun istedadını bir araya gətirən Ermanno Scervino şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Müasir və cəlbedici yaradıcılıq işləri ilə şirkət qısa zamanda nəinki İtaliya, eyni zamanda dünya moda arenasında böyük nüfuz qazanıb.
Bu gün Ermanno Scervinonun İspaniya, ABŞ, Böyük Britaniya, Rusiya, İsveçrə, Portuqaliya, Almaniya, İtaliya, Fransa, Yaponiyada butikləri fəaliyyət göstərir. Dünya şöhrətli rejissor Dzefirellinin “Mussolini ilə çay” filmində çəkilən müğənni Şer üçün məhz Ermanno Scervino kostyumlar tikib.
Ermanno Scervinno moda evinin rəhbəri Toni Scervinnonun Azərbaycana səfəri 28 fevral tarixində başa çatır.
DOSTLARINLA PAYLAŞ: