Azərbaycan güləşçisi Polşada müdal qazandı
05 Avqust 2013 Bazar Ertəsi 10:54
Varşavada Vladislav Pitlasinskinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Polşanın paytaxtı Varşavada Vladislav Pitlasinskinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 3 güləşçi ilə təmsil olunan yığma komandamız turnirdə 1 bürünc medal qazanıb.
60 kq çəkidə mübarizə aparan Taleh Məmmədov ilk görüşdə bolqar İvo Angelovu (9:7) mübarizədən kənarlaşdırıb. 1/8 finalda Ukraynalı Andrey Çmut (8:3), 1/4 finalda isə qazax Yerbol Kikbayev (4:0) güləşçimizə müqavimət göstərə bilməyib. Yarımfinalda Polşa güləşçisinə uduzan Taleh Məmmədov bürünc medal uğrunda görüşə çıxıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisi Mingiyan Semyonovu (6:1) məğlub edən güləşçimiz turnirin bürünc mükafatına layiq görülüb.
84 kq çəkidə güləşçimiz Rafiq Hüseynov ilk görüşdə İspaniya güləşçisi Pedro Garcianı məğlub edib. Növbəti görüşdə uduzan Rafiq təsəlliverici görüşlərə qatılıb. Türkiyə güləşçisi Selçuk Cebini məğlub etməyi bacarsa da, növbəti görüşdə alman güləşçiyə məğlub olaraq mübarizəni 7-ci sırada tamamlayıb.
74 kq-da Şamil Ertuqanov isə, ilk görüşündə məğlub olub və mübarizəni erkən tamamlayıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.
DOSTLARINLA PAYLAŞ: