Azərbaycan gimnastı Zöhrə Ağamirova Moskvada keçirilən turnirdə bürünc medal qazandı
01 Noyabr 2011 Çərşənbə Axşamı 00:31
Komandamızın lideri Aliyə Qarayeva A1 seriyası üzrə İtaliyanın klub çempionatının ikinci turuna yollanır.
Azərbaycan gimnastı Zöhrə Ağamirova Moskvada keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanıb. AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 10 yaşlı Bakı idmançısı “Qızıl yarpaq” beynəlxalq yarışlarında çıxış edərək alətsiz hərəkətdə 3-cü yeri tutub.
Ölkənin digər gənc idmançısı Gülsüm Şəfizadə nisbətən böyük rəfiqələri Aliyə Qarayeva və Anna Qurbanova ilə birlikdə Tokioda başa çatmış dünya klub çempionatında “Neftçi” kollektivinin triosunun tərkibində çıxış edib. O, medal qazana bilməyib, lakin yekunda komandanın yüksək - 5-ci yer tutmasında onun da böyük xidməti olub. Şəfizadə özü yapon tamaşaçıların gurultulu alqış sədaları altında finalda yeniyetmələrin turnirinin 6-cı pilləsinə qalxıb. Ölkə yığmasının baş məşqçisi Mariana Vasilyovanın fikrincə, “13 yaşlı Gülsümün 1996- 97-ci il təvəllüdlü gimnastlar dərəcəsində yarışdığı nəzərə alınarsa, bu, pis nəticə deyil”. “Əminəm ki, o, daha yaxşı çıxış edə bilər və biz buna çalışırıq”, - məşqçi deyib.
Komandanın liderinə gəldikdə isə, Aliyə Qarayeva yarışı 5-ci yerdə başa vurub, 3-cü yeri tutmuş ukraynalı Alina Maksimenkodan 0.775 xal geri qalıb. Üç turnirin hamısında Rusiyanın “Qazprom” komandasının gimnastları qalib gəliblər.
Qarşıdakı həftəsonu da gimnastika yarışları ilə zəngin olacaq. Belə ki, Aliyə Qarayeva A1 seriyası üzrə İtaliyanın klub çempionatının ikinci turunda iştirak edəcək, müxtəlif yaşlı yeniyetmə qızlar isə Belçikada, Bolqarıstanda və Latviyada keçiriləcək beynəlxalq turnirlərdə çıxış edəcəklər.
DOSTLARINLA PAYLAŞ: