Azərbaycan cüdoçularının Olimpiadada ilk rəqibləri məlum olub
26 İyul 2012 Cümə Axşamı 18:56
Cüdoçumuz İlqar Müşkiyevin ilk rəqibi Ermənistan idmançısı ola bilər.
London Olimpiadasında mübarizə aparacaq Azərbaycan cüdoçularının rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, ilk olaraq – iyulun 28-də mübarizəyə başlayacaq İlqar Müşkiyev (60 kq) birinci mərhələdə çıxış etməyəcək.

İkinci mərhələdə onun rəqibi alman Tobias Enqlmayerlə erməni Ovanes Davtyan döyüşünün qalibi olacaq. Müşkiyevdən 1 gün sonra tatamiyə çıxacaq 66 kq çəki dərəcəsindəki təmsilçimiz Tərlan Kərimov rusiyalı Musa Moquşkovla gücünü yoxlayacaq.

İyulun 30-da Ağayar Axundzadənin yetirmələrindən Rüstəm Orucov (73 kq) mübarizəyə başlayacaq. Onun rəqibi Qideon Van Zildir (CAR). Londona ikinci dəfə Olimpiya çempionu olmaq üçün yollanan Elnur Məmmədli (81 kq) iyulun 31-də kanadalı Antuan Val-Forte ilə qarşılaşacaq.

Ondan bir gün sonra Elxan Məmmədov (90 kq) Kristof Lamberti (Almaniya) sınağa çəkəcək. Ən ağır çəkidə təmsilçimiz olan Elmar Qasımov (100 kq) avqustun 2-də qazaxıstanlı Maksim Rakovla görüşəcək.

Püşk qadın çüdoçuların mübarizəsində Azərbaycanı təmsil edəcək Kifayət Qasımovanı ilk mərhələdən azad edib. 57 kq çəkidəki həmyerlimiz iyulun 29-da Kaori Matsumoto (Yaponiya) – Vesna Cukiç (Sloveniya) cütünün qalibi ilə qüvvəsini sınayacaq. Ondan bir gün sonra tatamiyə çıxacaq Ramilə Yusubova (63 kq) isə türkmənistanlı Gülnar Haytbayeva ilə güləşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar