Azərbaycan bu gün Olimpiadada ilk medalını qazana bilər
28 İyul 2012 Şənbə 02:18
İdmançılarımız üçün Olimpiada həyəcanı başlayır.
London Olimpiadasında iştirak edən 204 ölkə arasında Azərbaycan da var. Ölkəmizi Londonda rekord sayda - 53 idmançı təmsil edəcək. Medal uğrunda mübarizə aparacaq idmançılarımızdan 39-u kişi, 14-ü qadındır. Ölkəmiz Yay Olimpiya Oyunlarına müstəqil ölkə kimi 5-ci dəfədir qatılır.

Təmsilçilərimiz arasında mübarizəyə qoşulacaq ilk idmançı cüdoçumuz İlqar Müşkiyevdir (60 kq). O, Azərbaycan yığmasının hesabına ilk medalı yazdıra bilər. Ümumilikdə isə Azərbaycan idmançılarının Londonda ən azı 9 medal qazanacağını proqnozlaşdırmaq mümkündür. Bu proqnozlar özünü doğrultsa, 15 idman növündə mübarizə aparan komandamız bu növlərin 60 faizində medal qazanmaqla özünəməxsus rekorda imza atmış olacaq. Xatırladaq ki, 4il əvvəl keçirilən Pekin Olimpiadasında idmançılarımız 7 medal qazanıblar.

Təmsil olunduğumuz 15 idman növü arasında əsas medal ümidlərimiz boks, güləş, cüdo, ağırlıqqaldırma, taekvondo, bədii gimnastika, kanoe və akademik avarçəkmə idman növlərinədir. İndiyədək bu 8 növdən yalnız üçü üzrə medal qazanmaq mümkün olub. Son beş idman növündə medal qazanmaqla idmançılarımız daha bir ilkə imza atmış olacaqlar.

Digər 7 idman növlərinin bəzilərində medal qazanılarsa, bu sensasiya kimi qəbul edilməyəcək. Bu, daha çox atıcılıq və atçılığa aiddir. Üzgüçülük, atletika, qılıncoynatma, velosiped idmanında (veloşosse) isə fəxri kürsüdə yer almağa ciddi ümid bəslənilmir. Əslində bu növlərdə Azərbaycanın təmsil edəcək idmançıların Olimpiadada iştirakının özü böyük uğurdur.

London Olimpiadasının ilk yarış günü mübarizəyə qoşulacaq Azərbaycan idmançılarının sayı artıq məlumdur. Apasport.az saytının məlumatına görə, yarışa 53 atletlə yollanan millimizin heyətində 6 idmançı qüvvəsini sınayacaq.

Lakin onlardan biri həmin gün çıxışını yekunlaşdıracaq. Bu, cüdoçumuz İlqar Müşkiyevdir. 1/16 finaldan mübarizəyə başlayacaq həmyerlimizin günün sonunda tutacağı yer bilinəcək.

Digər idmançılarımızın isə mərhələ keçib-keçməyəcəyinə aydınlıq gələcək.

28 iyul
Boks
1/16 final
Məhəmməd Abdulhəmidov (56 kq) - 17:30, 00:30
Soltan Migitinov (75 kq) - 28 iyul 19:00, 02:00

İdman gimnastikası (fərdi çoxnövçülük)
Təsnifat mərhələsi
Şakir Şıxəliyev - 28 iyul 15:00

Cüdo
1/8 final
İlqar Muşkiyev (60 kq) - 13:30

Akademik avarçəkmə
Təsnifat mərhələsi
Aleksandr Aleksandrov (M1X, 2000 m) - 16:50
Nataliya Mustafayeva (W1X, 2000 m) - 17:40.

“Mərkəz” idmançılarımıza Olimpiya oyunlarında uğur arzulayır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar