Azarkeşlər üçün pulsuz avtobus reysi təşkil ediləcək
14 İyul 2010 Çərşənbə 10:25
AGF “Qızıl Qran Pri”yə hazırlığını davam etdirir.
Güləşçilərimiz Heydər Əliyevin xatirəsinə keçiriləcək “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə hazırlıqlarını davam etdirirlər. Sərbəst güləşçilər Bolqarıstan, Amerika Birləşmiş Ştatları, eləcə də Qırğızıstanın sərbəst güləş yığmaları ilə birgə təlim-məşq toplantısında iştirak edirlər.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığma komandamızın baş məşqçisi Saypulla Absaidov turnirə hazırlıq prosesinin tam qaydasında getdiyini bildirib. “Heydər Əliyevin xatirəsinə keçiriləcək Qızıl Qran Pri turnirinin final mərhələsi bizim üçün bir də ona görə önəmlidir ki, burda dünya çempionatına yollanacaq heyəti müəyyənləşdirməliyik” deyən Saypulla Absaidov yığmamızın turnirdə 3 heyətlə yarışacağını da sözlərinə əlavə edib.
Yunan-Roma güləşi üzrə yığma komandamız da iyulun 16-18-də keçiriləcək Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” Beynəlxalq Turnirinin final mərhələsinə hazırlıqları davam etdirir. Yığmamızın üzvləri yeni baş məşqçisi, olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun rəhbərliyi altında intensiv məşqlər keçir. Macarıstan və Serbiya yığma komandaları da birgə təlim-məşq toplantısı üçün artıq bir neçə gündür ki, Bakıdadırlar. Baş məşqçi Fərid Mansurov Qızıl Qran Pri turnirinin onun üçün ikiqat məsuliyyətli olacağını düşünür.
Ötən ay keçirilmiş Azərbaycan çempionatında yığma komandanın əsas üzvləri ənənəvi çəkilərində deyil, artıq çəki dərəcəsində mübarizə aparmışdılar. Fərid Mansurovun sözlərinə görə, Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” Beynəlxalq Turnirinin Final mərhələsində güləşçilərin hər biri öz çəkisində yarışacaq. Ev sahibi olduğumuz üçün hər çəki dərəcəsində 3 idmançı ilə təmsil olunacağıq. Əsas məqsəd isə, sentyabrda Moskvada keçiriləcək dünya çempionatında yarışacaq heyəti müəyyənləşdirməkdir.
Xatırladaq ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” Beynəlxalq Turnirinin Final mərhələsində ilk gün sərbəst güləşçilər yarışacaqlar. İyulun 17-də qadınlar, 18-də isə yunan-Roma güləşçiləri öz aralarında ən güclüləri müəyyən etməlidirlər. Ötən il olduğu kimi, bu dəfə də Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin gedişində Azərbaycan və ABŞ sərbəst güləş yığmları arasında beynəlxalq grüşün keçirilməsi də nəzərdə tutulub. Bu görüş iyulun 18-də baş tutacaq.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” Beynəlxalq Turnirinin Final mərhələsi zamanı azarkeşlərin yarış zalına gəlmələri üçün AGF tərəfindən pulsuz avtobus reysləri təşkil olunacaq. Avtobuslar 16-18 iyul tarixlərində hər gün saat 9.00-dan 21.00-a qədər hər saatın tamamında metronun “28 may”, “Nizami”, “Elmlər Akademiyası”, “Gənclik” və “20 yanvar” stansiyalarından Heydər Əliyev adına İdman Konsert Kompleksinə və geriyə istiqamətdə hərəkət edəcək. Azarkeşlərin arenaya girişi pulsuzdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: