AZAL klubu başsız qaldı
31 Oktyabr 2011 Bazar Ertəsi 17:57
Elxan Abdullayev yetirmələrinin “Şumqayıt-Şəhər”ə məğlubiyyətindən sonra istefa ərizəsini yazıb.
Azərbaycanda daha bir futbol məşqçisi istefaya göndərilib. AZAL futbol klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, klubun baş məşqçisi Elxan Abdullayev AZAL-ın Unibank Premyer Liqasının son turunda “Şumqayıt-Şəhər”ə 1:2 hesabı ilə məğlubiyyətdən sonra istefa ərizəsini yazaraq klub rəhbərliyinə təqdim edib. Bu gün klubdaxili iclasda baş məşqçinin istefa ərizəsi müzakirə edilərək qəbul edilib.
Qeyd edək ki, Elxan Abdullayevin AZAL-dakı fəaliyyəti cəmi 3 ay çəkib. Baş məşqçi iyulda Avroliqada “Minsk”ə məğlubiyyətdən sonra istefa verən Nazim Süleymanovu əvəzləmişdi. AZAL klubunun mətbuat xidmətinin rəhbəri AZAL-ı növbəti oyunlara məşqçilər korpusunun hazırlayacağını bildirib.
“Artıq klub baş məşqçi axtarışına start verib. Bir həftə, 10 gün müddətində AZAL-ın yeni baş məşqçisinin adına aydınlıq gələcək. Çox güman ki, bu, yerli mütəxəssis olacaq. Ancaq AZAL-a əcnəbi baş məşqçinin təyin ediləcəyini də istisna etmirəm”, - deyə Eldəniz Yusifov qeyd edib.
Xatırladaq ki, ötən il çempionluq uğrunda mübarizə aparan AZAL bu mövsüm 11 turdan sonra turnir cədvəlinin sondan ikinci pilləsində yer alır.
DOSTLARINLA PAYLAŞ: