AZAL 2 futbolçudan imtina etdi
02 İyul 2013 Çərşənbə Axşamı 15:16
Klub yeni mövsümə hazırlıqları davam etdirir.
AZAL yeni mövsümə hazırlıqları davam etdirir. "Azerisport"un verdiyi xəbərə görə, paytaxt klubu təlim-məşq toplanışı ilə yanaşı heyətini gücləndirməyi də unutmur.
Vaqif Sadıqovun komandası bu məqsədlə düşərgəsinə yeni futbolçular çağırıb. “Təyyarəçilər” bir neçə gün idi ki 3 ukraynalı futbolçunu sınayırdı. Bunlar Viktor Rojkovu, Artur Siryak və Anton Korolçukdu.
Qeyd edək ki, 1984-cü ildə Odessada anadan olan Viktor Raskovun 29 yaşı var. Onun son klubu “Helios” olub. 29 yaşlı forvard 2011-ci ildən çıxış etdiyi klubda 63 oyunda meydana çıxıb və 20 qol vurub. Viktor əvvəllər Ukraynanın “Chernomorets”, “Şaxtyor” (Donetsk), “Maşinstroitel”, “Dnester”, “Arsenal”, “Stal” və Litvanın “Şaulyay” klublarında forma geyinib.
Hücumçu Artur Siryakın isə 24 yaşı var. Futbolun sirrlərini “Şaxtyor”, “Dnepr”, “Metallurg” kimi klubların aşağı yaş qruplarında öyrənən Arturun son iş yeri “Poltava” olub. O, bu klubda 26 oyun keçirib və 3 qol vurub. Siryak əvvəllər “Xarkov”, “İlliçivets” və “Prikarattya” klublarında top qovub.
Anton Korolçuk isə Kiyev “Dinamo”sunun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçinin son klubu “Krımteplitsiya” olub – 6 oyun. Anton karyerası ərzində Ukraynanın CSKA, “Krivbass”, “Niva”, “Xarkov”, “Yednist” və “Helios” klublarında oynayıb.
Sadıqov onları bir neçə gün sınadıqdan sonra artıq ikisini geri qaytarıb. Belə ki, Siryakla Korolçuk məşqçilər korpusunun xoşuna gəlməyib. Rojkov isə hələ də sınanmaqdadı. Onun iyulun 6-da “Sumqayıt”la oyunda bir daha sınaqdan keçirilməsi nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: