Avropa şahmatçılarımız qarşısında mat qalıb
10 Noyabr 2011 Cümə Axşamı 10:56
Şahmat yığmamız qitə birinciliyində liderliyi ələ keçirib.
Yunanıstanın Porto Karras şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir. ANS PRESS-in məlumatına görə, qitə birinciliyində iştirak edən kişi şahmatçılardan ibarət komandamız VII turdan etibarən turnir cədvəlində liderliyi ələ keçirib. Şahmatçılarımız VII turda güclü Bolqarıstan yığması üzərində 3,3:0,5 hesabı ilə inamlı qələbə qazanıb.
Şahmatçılarımızdan Vüqar Həşimov İvan Çeparinov, Şəhriyar Məmmədyarov Aleksandr Delçev, Eltac Səfərli isə Radulski üzərində qələbə qazanıb. Teymur Rəcəbov isə rəqib komandanın lideri Veselin Topalovla xalları yarı bölüb. Kişilərdən ibarət yığmamız bu gün keçiriləcək VIII turda Almaniya komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qadın şahmatçılarımız isə Avropa çempionatının VII turunda Çexiya kollektivinə 1:3 hesabı ilə uduzublar.
Qeyd edək ki, geridə qalmış 7 turdan sonra kişi şahmatçılarımız 12 xalla qitə birinciliyinin lideridirlər, qadınlardan ibarət komandamız isə 13-cü pillədədir.
DOSTLARINLA PAYLAŞ: