Serbiyanın Budva şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 6-cı turun oyunları arxada qalıb. Bu tur yalnız iki şahmatçımız qələbə sevinci yaşayıb. Vasif Durarbəyli İsveçrə təmsilçisi Vyekoslav Vuleviçi mat edib. Rauf Məmmədov isə serbiyalı Miloş Perunoviçi şahsız qoyub. Qədir Hüseynovun moldovalı Viarel İordaşesku ilə dueli heç-heçə başa çatıb. Vüqar Rəsulov İsveçdən olan həmkarı Emanuel Berqlə oyunda yarım xala qane olub. Eltac Səfərli isə rumıniyalı rəqibi Andreas Gila ilə sülh bağlayıb. Şahmatçılarımızdan təkcə Faiq Ələsgərov 6-cı turu xalsız başa vurub. Faiq xorvatiyalı Darko Doriçə məğlub olub. 6 turdan sonra şahmatçılarımızdan ən yaxşı nəticə Rauf Məmmədovun aktivindədir. Rauf topladığı 4 xal yarımla turnir cədvəlinin 26-cı pilləsində qərarlaşıb. Vüqar Rəsulov isə 4 xalla 31-cidir. İndiki halda turnir cədvəlinə 5 xal yarımla rusiyalı şahmatçı Ernesto İnarkiev başçılıq edir. Qeyd edək ki, Avropa çempionatında 7-ci turun görüşləri bu gün keçiriləcək. /ANS TV/