Avropa çempionatında gümüş medal qazandıq
10 Aprel 2009 Cümə 11:15
İntiqam Zairov ağır atletika üzrə Avropa çempionatında 368 kiloqramlıq nəticə göstərib

 

Azərbaycan ağır atletika üzrə Avropa çempionatında daha bir medal qazanıb. 85 kiloqram çəki dərəcəsində çıxış etmiş İntiqam Zairov gümüş medal qazanıb. Təmsilçimiz birdənqaldırma üsulunda 2-ci cəhddə 168 kiloqramlıq ağırlığın öhdəsindən məharətlə gəlib. Sonuncu cəhdində 171 kiloqram ağırlıq sifariş etmiş Zairovun bu cəhdi uğursuz alınıb. Bununla belə birdənqaldırma yarışını həmyerlimiz 168 kiloqramlıq nəticə ilə birinci pillədə başa vurub. Təkanla qaldırmada isə İntiqam ilk cəhdində 200 kiloqramlıq ağırlığı ram edib. Sonrakı 2 yanaşmada 205 kiloqram sifariş etmiş ağır atletimiz bu çəkini başı üzərinə qaldıra bilməyib. Nəticədə idmançımız iki növün cəmində topladığı 368 kiloqramla qitə çempionatını 2-ci pillədə başa vurub.

Yarışın qalibi isə həmyerlimizi cəmi 1 kiloqram qabaqlamış, rus Aleksey Yufkin olub. Ən güclü üçlüyü isə Belarusu təmsil edən Nikolay Novikau tamamlayıb. Bu gün Avropa çempionatında mübarizəyə çəkisi 94 kiloqrama qədər olan ağır atletlər qoşulacaqlar. Bu çəkidə ölkəmizin idman şərəfini iki ağır atlet Rövşən Fətullayevlə, Əlibəy Səmədov qoruyacaq.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə 62 kq çəki dərəcəsində yarışan Zülfüqar Süleymanov, birdən qaldırmada 125 kq, təkanlaqaldırmada isə 160 kq nəticə göstərərək, ümumi 285 kq-lıq nəticə ilə Avropa çempionatının gümüş medalını qazanmışdı./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar