Avropa çempionatında Azərbaycan – Ermənistan qalmaqalı
21 May 2010 Cümə 15:40
Hakimlər təmsilçimizin nəticəsini ləğv ediblər.
İspaniyanın Valensiya şəhərində keçirilən ağırlıqqaldırma üzrə yeniyetmələr arasında Avropa çempionatında münsiflər heyəti Azərbaycan idmançısının nəticəsini ləğv edərək, Ermənistan təmsilçisinin xeyrinə qərar verib. Bu haqda hazırda Valensiyada olan Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İskəndər Əskərov məlumat verib.
Onun sözlərinə görə, mübahisəli məqam 62 kq çəki dərəcəsində təkanla ağırlıq qaldırarkən baş verib. Atletimiz Firudin Quliyev təkanla qaldırmaq üçün 145 kq ağırlıq sifariş verib. Quliyev bu ağırlığın öhdəsindən gəlib. Münsiflər heyəti əvvəlcə onun nəticəsini qeydə alıb. Lakin bundan təqribən 10 dəqiqə sonra qərar ləğv edilib. Səbəb kimi idmançımızın 145 kq ağırlığı qaldırarkən, səhvə yol verdiyi bildirilib. Nəticədə Quliyevin əvvəlki cəhddə qaldırdığı 140 kq ağırlıq saxlanılıb və bu səbəbdən, o, ikinci pillədə qalıb. Birinci yeri isə təkanla qaldırmada 141 kq nəticə göstərən Ermənistan təmsilçisi Vladik Karapetyan tutub. Həm Karapetyan, həm də Quliyev birdən qaldırmada 112 kq-ın öhdəsindən gəliblər. Təkanla 1 kq artıq ağırlıq qaldıran erməni atlet Avropa çempionu olub. Həmyerlimiz isə gümüş medal qazanıb.
Əskərovun fikrincə, Quliyev 145 kq ağırlıq qaldırarkən, həqiqətən də müəyyən səhvə yol verib: “Lakin münsiflər heyətinin əvvəlcə nəticəni qeydə alıb, sonra qərarını ləğv etməsi heç də yaxşı hal deyil. Qərara etiraz etsək də, faydası olmadı. Burada Azərbaycanla Ermənistan arasındakı siyasi münaqişənin rol oynaması mümkün deyil. Münsiflər heyəti üçün bunun heç bir fərqi yoxdur. Sadəcə, epizodu təkrar izlədikdən sonra qərarlarını dəyişdiriblər”.
Bununla belə, yığmamız ardıcıl iki gün gümüş medal əldə etdikdən sonra qızıl medala da sahib olub. Mayın 20-də “körpücük” üzərinə çıxan Nicat Rəhimov iki hərəkətin cəmində 290 kq (131 kq + 159 kq) nəticə ilə Avropa çempionu olub. Əsgərovun sözlərinə görə, bu, son 14 il ərzində yeniyetmə ağırlıqqaldıranlarımızın qitə birinciliklərində ilk qızıl medalıdır.
Xatırladaq ki, Avropa çempionatının ilk günündə Məhəmməd Seyidov (50 kq) da gümüş medal qazanıb. Bu gün atletlərimizdən Nailxan Nəbiyev (85 kq), mayın 22-də isə Ağazaman Əliyev (+94 kq) “körpücük” üzərinə çıxacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: