Avropa Çempionatı ərəfəsində qalmaqal
10 Aprel 2010 Şənbə 23:10
Ruslar Azərbaycana mane olmağa çalışır.
Rusiya Güləş İdmanı Federasiyası (RGİF) Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasına (FILA) etiraz məktubu göndərib. RGİF və FILA vitse-prezidenti Georgi Bryusov Rusiya mətbuatına verdiyi açıqlamada məktubun Azərbaycan yığmasının aprelin 13-də Bakıda start götürən Avropa çempionatı üçün təqdim olunan iştirak ərizəsinə salınan Mahmud Maqomedovla bağlıdır. Ruslar 55 kq-da mübarizə aparacaq sərbəst güləşçinin milliləşdirilməsi zamanı qanunsuzluğa yol verildiyini iddia edir.

“FILA-nın güləşçilərin keçidi üzrə reqalementinə əsasən, güləşçi milliləşdirmədən yalnız iki il sonra hansına ölkənin şərəfini qoruya bilər. Buna görə də biz Mahmud Maqomedovu Azərbaycan yığmasının heyətində görəndə təəccübləndik. Çünki Dağıstan güləş məktəbinin yetirməsi olan Maqomedov hələ 2009-cu ilin yanvarında elit seriyalı “İvan Yarıgin – Golden Gran Prix” turnirində 55 kq-da bürünc medal qazanıb, həmin ilin martında isə Rusiya yığmasının heyətində İranda Dünya kuboku uğrunda yarışlarda iştirak edib. Yəni burada hansısa ikiillik fasilədən söhbət gedə bilməz. Biz FILA prezidenti Rafael Martinettinin diqqətini bu məsələyə yönəltmişik. Məktuba yuxarıda adıçəkilən turnirlərin protokollarını və FILA-nın 2009-cu ildə Maqomedova təqdim etdiyi, onun Rusiya güləşçisi olduğunu təsdiq edən lisenziyanı da əlavə etmişik.

RGİF öz mövqeyində qəti dayanacaq və Rusiya idmançılarına aid olan keçidlərdə reqlamentə tam əməl edilməsinə nail olmağa çalışacaq”,-deyə Bryusov bildirib.

Azərbaycan tərəfi isə hələ ki, bu bəyanatda bir reaksiya verməyib. Amma Maqomedovun rahatca turnirə hazırlaşması onu göstərir ki, FILA Rusiyadan gələn məktuba önəm verməyib və idmançının Azərbaycanın şərəfini qorumasına etiraz etmir. Hər halda, bu gün üçün Maqomedovun aprelin 13-də AÇ-də ilk görüşünü Azərbaycan yığmasının formasında keçirməsinə heç nə mane olmur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar