Avrokuboklara hansı klublarımız gedir?
19 May 2011 Cümə Axşamı 11:05
Dolaşıq hala Azərbaycan kubokunu qazanan komanda aydınlıq gətirəcək
Futbol üzrə sayca XIX Azərbaycan çempionatına yekun vurulub. “Neftçi” çempionluğunu bayram etməklə növbəti mövsümdə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. Avro kuboklarda Azərbaycanı təmsil edəcək digər 3 klubdan ikisinin də adına aydınlıq gəlib.

Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, “Qarabağ” çempionatda 3-cü yeri tutmaqla Avropa Liqasının 3-cü mərhələsindən mübarizəyə başlamaq hüququ qazanıb. “Xəzər Lənkəran” klubu da çempionatda gümüş medala sahib çıxaraq Avropa Liqasına vəsiqəni özü üçün əmin edib. Ancaq cənub təmsilçisinin Avropa Liqasında mübarizəyə 3-cü? yaxud da 2-ci mərhələdən qoşulacağı Azərbaycan kubokunun final oyunundan sonra məlum olacaq.

Əgər “Xəzər Lənkəran” kubokun həlledici matçında “İnter”i məğlub edərək mükafata sahib çıxarsa o zaman Avropa Liqasında 2-ci mərhələdən mübarizəyə başlamaq hüququ qazanacaq. Bu halda AZAL-da Avropa Liqasında mübarizə aparmağa haqq qazanacaq. AZAL “Xəzər Lənkəran” kuboku qazanacağı təqdirdə Avropa Liqasına vəsiqəni özü üçün təmin edərək 3-cü mərhələdən mübarizəyə qoşulacaq.

Yox, əgər “İnter” kuboka sahib çıxarsa, o zaman Avropa Liqasına vəsiqəni özü üçün təmin edəcək. “İnter” kuboku qazanmaqla Avropa Liqasında mübarizəyə 2-ci mərhələdən start verəcək. Bu halda “Xəzər Lənkəran” mübarizəyə 3-cü mərhələdən başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar