Avarçəkənlərimiz finala yüksəldi
18 İyun 2011 Şənbə 20:30
Hamburqda keçirilən akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun II mərhələsində yarımfinal yürüşləri keçirilib.
Azərbaycanın iki avarçəkəni dünya kubokunun II mərhələsində əsas finala yüksəlib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Almaniyanın Hamburq şəhərində təşkil olunan akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun II mərhələsində bu gün yarımfinal yürüşləri keçirilib.

Azərbaycanı təmsil edən 4 avarçəkəndən 2-si əsas finala yüksəlib. Bunlar kişilərin 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) yürüşünə qatılan Cavid Əfəndiyev və qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışan Nataliya Mustafayevadır.

C. Əfəndiyev yarımfinalda 2000 metr məsafəni 7 dəqiqə 25,07 saniyəyə qət edərək, 3-cü yeri tutub. Avarçəkənimiz Yeni Zelandiya və ABŞ təmsilçilərindən geri qalsa da, Honq Konq, Braziliya və Özbəkistandan olan rəqiblərini qabaqlaya bilib. Bu nəticə onun ilk 2 pillənin sahibləri ilə birgə əsas finala yüksəlməsi üçün yetərli olub. Həlledici yürüş bu gün Bakı vaxtı ilə saat 20:03-də olacaq.

N. Mustafayeva da eyni məsafəni 3-cü pillədə başa vurub. O, finişə 7 dəqiqə 35,07 saniyəyə çatıb. Çin və Yeni Zelandiya təmsilçilərindən geri qalan qadın idmançımız Rusiya, Estoniyadan olan rəqiblərini və Azərbaycanın digər təmsilçisi İskra Angelovanı geridə qoyub. Mustafayeva ilk 2 pillənin sahibləri ilə birgə əsas finala, 8 dəqiqə 14,46 saniyə nəticə göstərmiş Angelova isə 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxıb. B finalı bu gün saat 19:18-də, əsas final sabah keçiriləcək.

Nəhayət, kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandr Aleksandrov yarımfinalda 4-cü yeri tutub. 7 dəqiqə 10,43 saniyə nəticə ilə Yeni Zelandiya, İsveç və ABŞ-dan olan rəqiblərindən geri qalan Aleksandrov Braziliya və İsveçrə təmsilçilərini üstələyib. Avarçəkənimiz bu nəticə ilə B finalına çıxıb. Həmin yürüş bu gün saat 19:24-də baş tutacaq.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar