Atlet Firudin Quliyev Universiadanın qalibi oldu
09 İyul 2013 Çərşənbə Axşamı 20:45
Firudin Quliyev gücünü dünyaya bir daha sübut edə bilib.
Rusiyanın Kazan şəhərində keçirilən 27-ci Yay Universiadasında növbəti günü ağır atletlərimizdən Firudin Quliyev medallar uğrunda mübarizəyə qoşulub. ANS PRESS Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, Firudin Quliyev Universiadanın qalibi adını qazanıb. Gənc atletimiz həmişə olduğu kimi ən güclü tərəfi olan təkanla qaldırma hərəkətini yerinə yetirib. Yeniyetmələr arasında dünya rekordçusu olan Firudin gücünü dünyaya bir daha sübut edə bilib. Birdən qaldırma hərəkətində 142 kq çəkini qaldıraraq 3-cü olan F. Quliyev qızıl medal uğrunda əsas rəqibilə arasındakı 6 kq-lıq fərqi aradan qaldıra bilib.

Təkanla qaldırma hərəkətində ilk olaraq 175 kq-ı ram edən atletimiz, çempion olmaq üçün 181 kq-ı da başı üzərinə qaldırmağa məcbur olub və o, bunun öhdəsindən gəlib!

Eyni zamanda Universiadanın iki rekordunu – həm təkanla qaldırma, həm də toplamda yeniləyən Firudin sonuncu yanaşmasında 191 kq sifariş verərək möhtəşəm bir addım atıb. Bu çəki gənclər arasında dünya rekordunun yenilənməsi deməkdir. Ancaq çinli atlet Liao Huyun 28 noyabr 2007-ci ildə müəyyənləşdirdiyi 190 kq-lıq rekord qırılmayıb. Universiadanın qalibliyini belə rahatlıqla qazana atletimizə inamımız sonsuzdur. Onun hələ 19 yaşı var və ən böyük qələbə və uğurları hələ qabaqdadır.

Beləliklə, toplamda 323 kq (142 kq + 181 kq) nəticə göstərən Firudin Quliyev ümumi sıralamada qızıl medal qazanaraq, bayrağımızın Kazanda dalğalanması, himnimizin səslənməsinə nail oldu. Bu gözəl qələbədə əməyi olan hər kəsə təşəkkür edir, uğurlarımızın davamının gəlməsini arzulayırıq!


DOSTLARINLA PAYLAŞ:

oyunlar