Arif Əsədov Türkiyədən qayıdan futbolçulara şans verəcək
21 Aprel 2010 Çərşənbə 23:45
"Neftçi" klubunun baş məşqçisi avrokubok iddiasındadır.
"Biz "Bakı"yla oyunun hazırlığına dünəndən başlamışıq. U-19-un heyətində olan hər 4 futbolçumuz artıq komandamıza qayıdıb. Bu gün onlar da hazırlıq prosesinə qoşulacaqlar, fərdi məşqlər edəcəklər". Bu sözləri "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov bildirib.

"İnter"lə matçda 6 azərbaycanlı futbolçuya şans vermiş Əsədov deyib ki, növbəti turda yığmanın düşərgəsindən qayıdan oyunçuların da xidmətindən yararlanacağı istisna deyil. "U-19-un heyətindəki futbolçularımız Türkiyədə 5-6 günə 3 matç keçiriblər. Bundan başqa, yol yorğunluğunu da nəzərə almaq lazımdır. Konkret ad çəkmək istəmirəm, ancaq həmin futbolçulardan 1-2-sinin adı "18-lik"də olacaq. Yəqin ki, onlar "Bakı" ilə görüşdə forma geyinə biləcəklər",-deyəməşqçi bildirib.

Baş məşqçi flaqmanın qələbə şansından danışıb. "Çempionatda gərgin mübarizə gedir. İlk "altılıq"da hər tur sürprizlər olur, lider dəyişir. Son vaxtlar yaxşı formada olan "Bakı" 3 oyundur uduzmur. Hiss olunur ki, rəqib komandanın düşərgəsində əhval-ruhiyyə yaxşıdır. "İnter" üzərində qələbədən sonra da bizim avrokubok şanslarımız artıb, "Bakı" isə çempionluğa oynayır. Şansları 50-50-yə dəyərləndirirəm. Bununla belə, oyuna yalnız qələbə üçün çıxacağıq. Çalışacağıq ki, 3 xal sayəsində turnir mövqeyimizi daha da yaxşılaşdıraq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar