Arif Əsədov istefa etdi
29 İyul 2011 Cümə 19:49
Arif Əsədov istefa etdi. "Neftçi" klubu özünə yeni baş məşqçi axtarır.
Avropa Çempionlar Liqası yarışında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşlərdəki uğursuzluqdan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bir neçə gün əvvəl istefa ərizəsi ilə klub prezidentinə müraciət edib. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov istefa ərizəsini qəbul etməyərək, baş məşqçiyə düşünməyi məsləhət görüb. Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandadakı psixoloji gərginlik, "Neftçi"nin daha böyük zəfərlər qazanmasına layiq olduğunu və bir qədər də dincəlmək istədiyini bildirərək, istefa ərizəsinin qəbul olunmasını xahiş edib. Müzakirələrdən sonra Arif Əsədovun istefa ərizəsi qəbul olunub.
Əsədov bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "İlk növbədə mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov başda olmaqla, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. İl yarım müddətdə "Neftçi" üçün çalışdıq, əlimizdən gələni etdik və 6 ildən sonra çempionluğu yaşadıq. Mən "Neftçi"nin yetirməsiyəm və həmişə də ürəyim flaqmanın yanında olacaq. "Neftçi"nin böyük tarixi var və bu komanda hər zaman yüksək yerlər uğrunda oynamalıdır. Çempionlar Liqasındakı uğursuzluqdan sonra bir baş məşqçi kimi məsuliyyəti öz üzərimə götürüb, klub prezidentinə istefa ərizəsi ilə müraciət etdim. Rəhbərliyə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm, əl-ələ verib bir neçə iş gördük. Həyat davam edir. "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram".
"Neftçi" PFK-nın yeni baş məşqçisi ilə bağlı məlumat yaxın vaxtlarda klubun rəsmi saytında yerləşdiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: