Arif Əsədov: "Bunu edə bildiyimiz üçün şadam"
23 Dekabr 2010 Cümə Axşamı 22:25
"Qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirdik"
“Neftçi” ilə baxımlı oyun oynadıq. Azarkeşlər oyun boyu darıxmadılar. “Neftçi”nin futbolçuları bizdən daha təcrübəli idi. Bizim komandada əsasən gənc futbolçular yer alıb. Onların çoxunun 21 yaşlılardan və aşağı yaş qruplarından ibarət yığmalarımıza çağırılması bizi sevindirir. Məqsədimiz yerli futbolçulardan ibarət mübariz komanda yaratmaqdır”. Bu sözləri Turan – Neftçi qarşılaşmasından sonra jurnalistlərə “Turan” komandasının baş məşqçisi Revaz Dzodzuaşvili deyib.
“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov isə “Turan”la ilk dövrədəki oyundan lazımi nəticə çıxartdıqlarını bildirib. “Bugünkü oyunda qalib gəlib, istəyimizə çatdıq. “Bakı”ya məğlubiyyətdən sonra son iki oyunumuzda 6 xal toplamağı qarşımıza məqsəd qoymuşduq. Bununla da, qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirdik. Bunu edə bildiyimiz üçün şadam”, - deyə Əsədov əlavə edib.
Xatırladaq ki, Unibank Premyer Liqasının XIX turunda “Turan” klubu ilə qarşılaşan “Neftçi” rəqibini 2:0 hesabı ilə məğlub edərək turnir cədvəlində vahid liderliyini təmin edib.
DOSTLARINLA PAYLAŞ: