ARDNŞ futbol üzrə Avropa Çempionatına sponsorluq edəcək
17 May 2013 Cümə 14:03
Dövlət Neft Şirkətindən turnirə dəstək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il Futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olduğunu böyük məmnunluq hissi ilə elan edir.

ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, SOCAR və UEFA arasındakı bu əməkdaşlıq, ilk turniri 1960-cı ildə Fransada keçirilən və hər dörd ildən bir təşkil edilən, dünyanın ən mötəbər milli komanda birinciliklərindən olan və böyük auditoriya kütləsi toplayan zəngin tarixli futbol yarışına çox böyük töhfə verəcək.

Bu hadisəyə münasibət bildirən ARDNŞ-nin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov deyib: “Biz bu gələcək yönümlü layihəyə qoşulmaqdan məmnunluq hiss edir və bildirmək istəyirik ki, ARDNŞ-nin dünya idmanı ilə əməkdaşlığı qürurverici bir hadisədir. Bu, 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatından sonra bizim beynəlxalq sponsorluq sahəsində ikinci əməkdaşlıq təcrübəmizdir. Şirkətimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru olaraq respublikada futbolun inkişafına daim fəal dəstək göstərir. İdmana sponsorluq olduqca vacib bir amildir və bu cür genişmiqyaslı və həyəcanverici bir yarışı dəstəkləmək bizim üçün çox əhəmiyyətllidir. Bizim fikrimizcə, bu sponsorluq ARDNŞ-nin beynəlxalq profilini yüksəltmək üçün nadir imkanlardan biridir və enerji sektorunda şirkətimizin premium brendinin əsasının qoyulması yolunda ümumi mövqeyimizi əks etdirir”.

UEFA-nın marketinq direktoru Qay-Loran Epşteyn əməkdaşlıq haqqında fikrini bildirərkən qeyd edib: “Biz SOCAR-ı Avro-2016 Çempionatının və 2014-2017-ci illərdə keçiriləcək Avropa seçmə oyunları daxil olmaqla, UEFA-nın milli komanda yarışlarının rəsmi sponsorları arasında görməkdən böyük məmnunluq duyuruq. Bu sponsorluq platforması SOCAR-a öz brendini daha geniş təbliğ etmək və hədəf auditoriyasını genişləndirmək üçün nadir imkan verir. SOCAR-ın qlobal enerji şirkətinə çevrilmək məqsədi və bizim əməkdaşlığımız Avropa futbolunu daha geniş tamaşaçı kütləsinə təqdim etmək üçün böyük imkanlar yaratmış olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar