Arda Turan 12 milyon avroya “Atletiko”ya transfer olunub
10 Avqust 2011 Çərşənbə 11:18
“Qalatasaray”ın sabiq kapitanı ildə 2,5 milyon avro maaş alacaq


Bakı-APA. “Qalatasaray” klubu Arda Turanın Madridin “Atletiko” klubuna transfer olunduğunu rəsmən açıqlayıb. APA-nın məlumatına görə, iki klub arasında əldə olunan razılaşmaya əsasən, “Atletiko” Arda Turanın transferi üçün “Qalatasaray”a 12 milyon avro ödəyəcək. Bundan başqa ispan klubu gələn mövsüm Çempionlar Liqasında oynamaq hüququ qazansa, “Atletiko” “Qalatasaray”a əlavə olaraq 1 milyon avro ödəyəcək. İspanlar Ardanı hansısa türk klubuna satmaq istəsələr, ilk növbədə bu təklifi “Qalatasaray”a etməlidirlər. Bununla bağlı müqaviləyə xüsusi maddə əlavə edilib. Madrid klubunun formasını geymək arzusunu reallaşdıran Arda 5 illik müqavilə imzalayacaq. “Qalatasaray”ın sabiq kapitanının illik əmək haqqının 2,5 milyon avro olacağı açıqlanıb. Xatırladaq ki, Arda Turan “Qalatasaray”da forma geydiyi hər oyuna görə aldığı pulla birlikdə ildə 3 milyon avro qazanırdı.
“Atletiko” klubu da Arda Turanın transfer edildiyi barədə rəsmi internet saytında məlumat yerləşdirib. Məlumatda bildirilir ki, “Türkiyə milli komandasının oyunçusu və Türk futbolunun ən ən ümidverici isimlərindən olan Arda Turan avqustun 12-də mətbuat konfransı keçirərək “Qalatasaray” tərəfdarları ilə vidalaşacaq və axşam saatlarında Madridə gələcək. Arda avqustun 16-da “Vicente Calderon” stadionunda “Atletiko” azarkeşlərinə təqdim olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar