Andrey Kraytor Aropa çempionu oldu
16 İyul 2012 Bazar Ertəsi 09:50
Azərbaycan Avropa çempionatını 1 qızıl medalla başa vurub. Andrey Kraytor Andrey Kraytor Aropa çempionu olub.
Azərbaycan idmançısı Andrey Kraytor ikiqat Avropa çempionu olub. Portuqaliyanın Montemor-o-Velyo şəhərindəki yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatına yekun vurulub. Azərbaycan milli komandası yarışı 1 qızıl medalla başa vurub. 23 yaşadək kanoeçilər arasında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə Andrey Kraytor ardıcıl ikinci il qitənin ən güclüsü adına layiq görülüb.

22 yaşlı kanoeçimiz final yürüşündə finişə 41,956 saniyəyə çataraq, ən yaxın izləyicilərindən almaniyalı Kiray Stefanı 0,782 saniyə, macarıstanlı Adam Lantoşu 0,908 saniyə geridə qoyub. Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə də final həyəcanı yaşayıb. Lakin o, həlledici yürüşdə finişə 1 dəqiqə 55,549 saniyəyə çataraq, 5-ci yerlə kifayətlənib.

Digər təmsilçilərimizdən yeniyetmə kanoeçilər arasında 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə Aleksey Kupin də finaladək irəliləməyi bacarıb. Lakin o, həlledici yürüşdə 2 dəqiqə 23,919 saniyə nəticə ilə 9-cu yeri tutub. Kupin 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə isə yarımfinalda 4 dəqiqə 38,408 saniyə nəticə ilə 5-ci yeri tutaraq, finala yüksələ bilməyib. Daha bir kanoeçimiz Mikita Sablin yeniyetmələr arasında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə 13-cü yeri tutub.

Kayakçılarımıza gəldikdə, yeniyetmələrin mübarizəsində Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə 14-cü yeri tutsa da, 200 metr məsafəyə yürüşdə ilk "18-lik”dən kənarda qalıb.

Amil Hüseynli – Aleksandr Piçugin dueti 2 nəfərlik qayıqla (K-2) 200 metr məsafəyə yürüşdə 17-ci olub.

Tamerlan Mustafayev – Aleksandr Piçugin – Amil Hüseynli – Yasin Əhmədov kvarteti 4 nəfərlik qayıqla (K-4) 1000 metr məsafəyə yürüşdə ilk 18-liy”ə düşə bilməyib.

23 yaşadək kayakçıların mübarizəsində isə Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə 17-ci, 500 metr məsafəyə yürüşdə 18-ci yeri tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar