Amil Ağacanov vaxtını valideynlərinin yatağının yanında keçirirdi
16 May 2013 Cümə Axşamı 12:55
Vaqif Sadıqov: Bunu heç kimə arzulamaram.
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi
- Başa çatmaq üzrə olan mövsümü necə xarakterizə edərdiz?
- 2 illik müqavilə imzalayan zaman qarşıma strateji plan qoyuldu. İlk mövsümdə heyəti formalaşdırmaq, maksimum vəzifə kimi ilk “altılığ”a vəsiqə qazanmaq idi. Növbəti mövsümdə isə gücümüzə güc qatmaqla avrokuboklara vəsiqə qazanmalıyıq. Bu mövsüm ilk “altılığ”a vəsiqəni son anda əldən verdik. 1 xalımız çatmadı. Buna baxmayaraq, komanda qarşısına qoyulan məqsədə doğru irəliləyir. İkinci “altılıq”da yer alsaq da, hər bir oyuna maksimum motivasiya ilə çıxırıq. Çoxları ikinci “altılıq” oyunlarına həvəssiz çıxacağımızı düşünsələr də, məqsədimiz oyun modelimizi formalaşdırmaq, rəqabətə davamlı komanda qurmaqdır. Rəqabətə davamlı komandamız var. Ən güclülərə heyətə yer veririk. Aktivimizdə 54 xalımız var. Rəqib qapılarından 53 top keçirmişik, 32-ni buraxmışıq. 32 top buraxmağımız yaxşı hal deyil. Problemlər var, həll etməyə, gələcəkdə daha güclü kollektiv formalaşdırmağa çalışacağıq.
- İkinci “altılıq” oyunlarında yalnız “Xəzər Lənkəran”la heç-heçə etmisiniz, qalan oyunlarda isə qələbə qazanmısınız. Komandanı oyunlara necə motivasiya edirsiniz?
- Hər oyundan əvvəl onları matça konsentrasiya edirik. Əksəriyyəti ilk dəfə ölkəmizdə çıxış edir. Onlar öz adlarına, imiclərinə uyğun oyun nümayiş etdirməlidirlər. Çox şadam ki, futbolçular məni sonadək dərk edir, başa düşürlər. Bu çox vacib amildir. Vahid komandayıq. Rəqibdən asılı olmayaraq, biz qələbə üçün oynayırıq. Müdafiəyə qapanmırıq, açıq futbola üstünlük veririk. Bizdə yaxşı hücumçular var və onların potensialından istifadə etməyə çalışırıq. Bir faktı da qeyd edim ki, ikinci “altılıq”da rahat yendiyimiz komandalarla əsas mərhələdə qarşılaşan zaman çoxlu xallar itirdik. Əsas mərhələ zamanı indi ilk “altılıq”da yer alan komandalarla oyunlarda 14, ikinci “altılıq” komandaları ilə dueldə isə cəmi 15 xal toplamışdıq. İndi ikinci “altılıq”da yer alan komandalarla oyunlarda 29 xal toplamışıq. Hələ bir oyunumuz da var. Bu nəticələri əsas mərhələdə əldə etmiş olsaydıq, indi avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqdıq. Olan-olub, keçən keçib.
- Mövsümün əvvəlində seleksiya üçün xeyli sayda futbolçu dəvət etmişdiniz. Necə düşünürsünüz, istədiyiniz heyəti qura bilmisinizmi?
- Seleksiya işinə fərqli yanaşırıq. Çoxları bunu düzgün başa düşmür. Mən Rusiyadakı təcrübəmə əsaslanıb belə etdim. Əsas komandanın hazırlığından öncə bir həftəlik seleksiya toplanışı keçirdik. Bütün oyunçulara özlərini göstərmələri üçün şərait yaratdıq. Əvəzedici komandaya da oyunçu seçdik. Aralarından Elman Taqayev, Ruslan Zubkov, Nildo kimi oyunçuları bu toplanış zamanı seçdik. Əsas heyət toplanışa başlayanda seçimdən uğurla çıxanlar da bizə qoşuldular. Hər dəfə hazırlığa yeni oyunçu gəlib-gedəndə iş sistemi pozulur. Ona görə də seleksiyanı əvvəlcə elədik.
- Yeri gəlmişkən, Zubkova şans verməməyiniz nədə irəli gəlir?
- Tək Zubkov yox, Tural Nərimanov da yaxşı təsir bağışlayır. Bizim həmin mövqedə 4-5 futbolçumuz var. Bu rəqabətdən irəli gəlir.
- Mövsümün sonu yaxınlaşır. Yəqin ki, kimlərlə vidalaşacağınız dəqiqləşib?
- Desəm ki, xeyr, səmimi olmaram. Özüm üçün aydınlaşdırmışam. Bunu klub prezidenti ilə görüşümüzdən sonra açıqlaya bilərəm. Müqaviləsi başa çatan futbolçularımız var. Kimlərlə davam edəcəyiksə, yeni anlaşma imzalamalıyıq.
- Hədəflər böyüdüyünə görə, güclü futbolçulara ehtiyac olacaqmı?
- Əlbəttə, indi bizə dəstək daha vacibdir. Gücümüzə güc qatacaq futbolçuları transfer edəcəyik.
- Bəs Premyer Liqanı ümumi olaraq necə dəyərləndirirsiniz?
- Təcrübəmə əsaslanıb deyə bilərəm ki, cari mövsümü çox maraqlı və gərgin keçdi.
- Sizin üçün çempionatın gözlənilməz hadisəsi və tapıntısı kim oldu?
- “Xəzər Lənkəran” kimi komandanın ilk “altılıq”dan kənarda qalması gözlənilməz oldu. Bu da onu göstərir ki, bütün komandalar güclənir, çempionatımız rəqabətə davamlıdır. Tapıntısına gəldikdə, Cavid Tağıyev yeni simada parıldadı. Çox istedadlı futbolçudur. Sevinirəm ki, o, bizim komandadadır.
- Amil Ağacanovun “Rəvan”la oyunda meydanı özbaşına tərk etməsi nədən irəli gəlirdi?
- O, əvəz edilməyini və oynamaq istəmədiyini işarə etdi. Uşaqlar onun ətrafına yığılıb qalmasını istədilər. Lakin o, mənim etimadımı doğrultmadığını deyərək, əvəzlənməsini istədi. Amil bir ildir stress içərisindədir. Onun valideynləri ağır xəstə idi. Anası yaxınlarda dünyasını dəyişib. Mayın 20-də 40 mərasimi keçiriləcək. O, ilboyu məndən icazə alıb vaxtını valideynlərinin yatağının yanında keçirirdi. Stress altında olan insandır. O günləri yaşayan insan kimi, Ağacanovu yaxşı başa düşürəm. Bunu heç kimə arzulamaram. Oyundan sonra ona yaxınlaşıb etimadımızın olduğunu bildirdik. Amil bir futbolçu kimi bizə lazımlıdır.
DOSTLARINLA PAYLAŞ: