Almaniya yığması “Bakı”nın bazasını seçdi
24 Mart 2011 Cümə Axşamı 17:03
“Bundestim”in üzvləri paytaxt təmsilçisinin düşərgəsində məşq edəcək
Almaniya milli komandasının departament rəisi Corc Belau “Bakı” futbol klubunun bazasını ziyarət edib. Almaniyalı mütəxəssisin səfəri Avro-2012 seçmə mərhələsinin 7 iyun 2011-ci il tarixdə keçiriləcək Azərbaycan-Almaniya oyununa hazırlıq məqsədi güdür.

ANS PRESS-in “Bakı” futbol klubuna istinadən verdiyi məlumata görə, rəsmi oyun əvvəli məşq prosesisin təşkili üçün paytaxtımıza buyuran milli komanda meneceri Almaniya milli komandasının “Bakı” futbol klubunun bazasında hazırlaşması üçün bütün zəruri şəraitin mövcudluğunu təsdiqləyib.

Corc Belau “Bakı” klubunun bazası ilə ətraflı tanış olduqdan sonra klubun təlim məşq bazası haqda fikirlərini də bildirib. Alman futbol mütəxəssisi “Bakı”nın bazasını bəyəndiyini və klubda uşaq futboluna yetirilən çox böyük diqqət və qayğının şahidi olduğunu vurğulayıb. ““Bakı” klubuna uğurlar arzulayıram. İnanıram ki, belə infrastruktura malik olan klub tezliklə Avropada öz sözünü deyəcək. Azərbaycanda belə bir klub formalaşmasının şahidi olmağım məni cox sevindirdi. İyun ayında bir daha sizin qonağınız olacağıq. Bu ehtimal burada gördüyüm ən yüksək şəraitə əsaslanır”, - deyə Corc Belau bildirib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan milli komandasının qonağı olaraq Bakıya səfər edən Küveyt və Türkiyə yığmaları da, məhz, “Bakı” futbol klubunun bazasında məşq etmişdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar