Almaniya millisinin veteran qapıçısı Azərbaycana gəlib
06 Aprel 2009 Bazar Ertəsi 15:55
Hans Tilkovski bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb

Almaniya millisinin şərəfini qorumuş veteran qapıçı Hans Tilkovski Bakıya gəlib. AFFA-dan verilən məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) ilə Almaniya Futbol İttifaqı arasında mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində, almaniyalı veteran futbolçu, vaxtilə Almaniya millisinin şərəfini qorumuş Hans Tilkovskinin Bakıya səfəri başlayıb. Səfər aprelin 9-dək davam edəcək. Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Hans Tilkovski arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Almaniya futbolu arasında mövcud olan qarşılıqlı münasibətlər, ölkəmizdə futbolun hazırkı vəziyyəti və Hans Tilkovski tərəfindən aprelin 7-də aşağı yaş qruplarından ibarət milli komandaların qapıçıları üçün keçiriləcək seminar barədə müzakirələr aparılıb. Sonra Hans Tilkovski AFFA-nın Futbol muzeyi ilə tanış olub və muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Səfər proqramı çərçivəsində almaniyalı qonaq aprelin 7-də AFFA-nın Futbol akademiyasında aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının qapıçıları üçün seminar keçirəcək. Daha sonra isə, Hans Tilkovski və Azərbaycan futbolunun veteranları mərhum hakim Tofiq Bəhramovun abidəsini ziyarət edəcəklər.

Qeyd edək ki, 1966-cı ildə keçirilən dünya çempionatının finalında məhz Hans Tilkovskinin qoruduğu qapıya İngiltərə yığmasının vurduğu qolun hesaba alınmasında Tofiq Bəhramov yan xətt hakimi kimi qətiyyət nümayiş etdirmiş və bunun nəticəsində «Qızıl fit» mükafatına layiq görülmüşdü. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar