Aliyə Qarayeva: "Əsas rəqib elə özüməm"
04 İyun 2010 Cümə 23:15
Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib. Aliyə Qarayeva: "Əsas rəqib elə özüməm".
Gənclik Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə sayca 17-ci Azərbaycan çempionatına start verilib. 2 gün davam edəcək respublika miqyaslı yarışda qələbəyə ümumilikdə 24 idmançı iddialıdır. Onlar arasında ölkəmizin ən məhşur gimnastları Aliyə Qarayeva və Anna Qurbanova da var.
Bədii gimnastika üzrə Azərbaycan çempionatında “Bakı gimnastika məktəbi”, “Respublika kompleks idman məktəbi”, “Neftçi”, “Spartak” və “Sərhədçi” İdman Sağlamlıq Mərkəzlərinin idmançıları mübarizə aparır. Bacarığını göstərən 24 idmançıdan 6-sı böyüklər arasında çıxış edir. Bu 6 iştirakçı arasında isə əsas diqqət yığma komandanın üzvləri, bir sıra beynəlxalq yarışların mükafatçıları Anna Qurbanova və Aliyə Qarayevaya yönəlib. Mütəxəssislərin fikrincə, 1-cilik uğrunda mübarizə də məhz bu iki gimnast arasında gedəcək.
Anna Qurbanova çempionatda qələbə şanslarını qiymətləndirərkən, ehtiyatlı danışıb. Onun fikrincə, əvvəlcədən kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Bunun belə onun əsas rəqibi Aliyə Qarayevadır. Avropa çempionu olmuş Qarayeva isə başqa fikirdədir.
“Əsas rəqib elə özüməm. Əgər mən təmiz, layiqli çıxış etsəm, fikirləşirəm ki, hakimlər layiqli qiymət verəcəklər. Digərlərinə baxmaq, onların hansı qiymət aldığını dinləmək vacib deyil. Mən səy göstərəcəm. Baxıb görərik, nə alınacaq”,-deyə gimnast bildirib.
Qeyd edək ki, iştirakçılar bu gün ip və halqa ilə hərəkətlərə görə hakimlərdən qiymət alıblar. Böyüklərin yarışında iplə hərəkətlərə görə Anna Qurbanova birinci olub. Halqa ilə hərəkətlərdə isə Aliyə Qarayevanın çıxışı daha yüksək qiymətləndirilib.
Yeniyetmələrin mübarizəsində Aişə Mustafayeva və Lalə Yusifova iki hərəkətin yekununda irəlidədir. Sabah böyüklər lent və topla nəyə qadir olduqlarını göstərəcəklər. Yeniyetmələr isə eyni tapşırığı top və gürzlə yerinə yetirməlidir.
Azərbaycan çempionatının qalibləri də çoxnövçülükdə, yəni 4 hərəkətin yekununa görə alınan qiymətlərə əsasən, müəyyənləşəcək. Yarışa sabah yekun vurulacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: