Aliyə Qarayeva dünya çempionatında liderdir
20 Sentyabr 2011 Çərşənbə Axşamı 01:12
Yarışın ilk günündən sonra Anna Qurbanova 7-ci, Zeynəb Cavadlı isə 8-ci yeri tutur
Sentyabrın 19-da Fransanın Monpelye şəhərində bədii gimnastika üzrə 31-ci dünya çempionatı start götürüb. Yarışların ilk günündə gimnastların bir qismi halqa ilə, digərləri top ilə çıxış ediblər.

Azərbaycan gimnastları Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı halqa ilə çıxış ediblər. 28,175 bal qiymət almış A.Qarayeva səhər sessiyasında bu predmetlə xalça üzərinə çıxmış idmançılar arasında liderdir. 25,500 bal nəticə göstərmiş A.Qurbanova 7-ci, Z.Cavadlı isə (25,450) 8-ci yeri tutur.

Dünya çempionatının cədvəlinə uyğun olaraq sentyabrın 20-də A.Qarayeva, A.Qurbanova və Z.Cavadlı top ilə çıxış edəcək, sonra isə top və halqa hərəkətlərin final mərhələsi olacaq.

Xatırladaq ki, çoxnövçülüyün finalında şəxsi yarışlarda 2012-ci il Olimpiadasına 15 vəsiqə oynanılacaq. Hər ölkə ən çoxu iki lisenziya qazana bilər. Yarışların son iki günündə keçiriləcək qrup turnirində isə Londona 6 vəsiqə uğrunda mübarizə gedəcək. Burada Azərbaycanı Anastasiya Prasolova, Ceyla Quliyeva, Aelita Xələfova, Stefani Trayanova, Səbinə Abbasova və Yevgeniya Jidkova təmsil edəcəklər.

Dünya çempionatı vasitəsilə Olimpiadaya vəsiqə ala bilməyən idmançılar gələn ilin yanvar ayında Londonda keçiriləcək seçim turnirində iştirak edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar