Ağır atletika üzrə ölkə çempionatına start verilib
29 May 2010 Şənbə 22:25
Turnirdə 80-dən artıq atlet qələbəyə iddialıdır.
Milli Aviasiya Akademiyasının zalında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib. Yalnız kişilərin mübarizə apardığı yarışda 8 çəki dərəcəsində qaliblər məlum olacaq.

Ağır atletika üzrə Azərbaycan çempionatında Bakı idmançıları ilə yanaşı 8 rayonu təmsil edən 80-dən artıq iştirakçı qələbəyə iddialıdır. Bu gün çemponatda 4 çəkidə, bir qədər də dəqiqləşdirsək 56, 62, 69 və 77 kq-da kimin daha güclü olduğu müəyyənləşib.

Çəkicə ən yüngül olan atletlərin mübarizəsi Lənkəran təmsilçisi Aqşin Mirzəyevin zəfəri ilə yekunlaşıb. O, ümumilikdə 233 kq ağırlığı başı üzərinə qaldırıb. Ağırlığı 62 kq olan idmançılar arasında ən yüksək nəticə Firudin Quliyevin adına yazılıb. Goranboylu idmançı ümumilikdə 241 kiloqramı ram edərək, ölkə çempionu adını qazanıb. Çəkisi 69 kq olan iştirakçılar arasında “Neftçi” İSM-ni təmsil edən Sərdar Həsənov hamıdan güclü olub. Milli komandamızın üzvü iki hərəkətin cəmində 310 kiloqramlıq nəticə göstərib. 77 kq çəki dərəcəsinin ən güclüsü isə Əfqan Bayramov olub.

Ağır atletika üzrə Azərbaycan çempionatında sabah daha 4 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar