AFFA “Xəzər Lənkəran”ın baş məşqçisini cəzalandırdı
07 Mart 2011 Bazar Ertəsi 13:11
Mirça Rednik 5 oyunluq diskvalifikasiya edilib
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, iclasda aşağıdakı qərarlar qəbul edilib: 3 mart 2011-ci il tarixində XIX Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunub.

Oyunun 27 və 70-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən qaçış zolağına yandırıcı maddə (fişəng) atıldığı üçün klub 3000 (üç min) manat cərimə olunub. Oyunun 32-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri yerləşən sektorlarda oturacaqlar sındırılaraq qaçış zolağına atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunub. Bundan başqa, “Xəzər-Lənkəran” klubunun azarkeşləri yerləşən sektorlarda (20-21-22-ci sektorlar) 325 ədəd oturacağın sındırıldığı aşkar edilib. Bu səbəbdən də “Xəzər Lənkəran” klubu dəymiş zərərə uyğun olaraq T. Bəhramov adına Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

Oyunun 77-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanıb (bu cəza Azərbaycan Kuboku yarışlarına şamil edilir), klub isə 5000 (beş min) manat cərimə olunub. Xatırladaq ki, NBC Azərbaycan Kuboku turnirinin ¼ final mərhələsində keçirilən “Neftçi” – “Xəzər Lənkəran” oyunu qonaqların 4:3 hesablı qələbəsilə yekunlaşmışdı.



DOSTLARINLA PAYLAŞ:

oyunlar