AFFA oruc tutan azarkeşlərin problemini yoluna qoydu
10 Avqust 2010 Çərşənbə Axşamı 22:45
Azarkeşlər oyun zamanı iftarlarını aça biləcəklər.
Azərbaycan milli komandasının Küveyt yığması ilə oyunu sabah başlanacaq müqəddəs Ramazan ayının ilk günü və iftarın açılması ilə üst-üstə düşür. Məlum olduğu kimi, millimizin və klublarımızın beynəlxalq oyunları zamanı meydançaya kənar əşyaların atılmasının qarşısını almaq üçün Tofiq Bəhramov adına Respublika stadionuna hətta plastik qablarda olan su da buraxılmırdı.

Bu səbəbdən bir qrup azarkeş Qol.Az saytına müraciət edərək sabahkı oyun zamanı da stadiona içində su olan plastik qabların buraxılmayacağından və oyun zamanı iftarlarını aça bilməyəcəklərindən narahatlıqlarını ifadə ediblər. Bəzi azarkeşlər isə bu problemə görə stadiona getməyəcəklərini də bildiriblər.

Məsələylə bağlı Qol.Az-ın sorğusuna cavab olaraq, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, azarkeşlər sabahkı oyun zamanı belə bir problemlə üzləşməyəcəklər. M.Nərimanoğlu bildirib ki, içində su olan plastik qablar stadionun girişində ağzı açıldıqdan və qabaq hissəsi götürüldükdən sonra içəri buraxılacaq və azarkeşlər oyun zamanı iftarlarını aça biləcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar