AFFA klubları cərimələyib
28 Dekabr 2010 Çərşənbə Axşamı 20:40
XIX turun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı bəzi qərarlar qəbul edilib
AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Unibank Premyer Liqasının XIX turunun oyunlarında qeydə alınan qayda pozuntuları barədə bir sıra qərarlar qəbul edilib. Konkret olaraq 5 klub cəzalandırılıb.
“Qəbələ” – “Bakı” görüşündə hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 1000 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Bakı”nın məşqçisi Aleksandr Polkin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və klubunu 1000 manat ziyana salıb.
“Muğan” – AZAL matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri də 1000 manat ödəməli olacaq. Oyunun 90+4-cü dəqiqəsində “Muğan”ın futbolçusu Cavad Mirzəyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu futbolçu 1 oyunluq cəzalanıb və komandası 200 manat cərimələnib.
“Xəzər Lənkəran” – “Qarabağ” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə ödəməli olacaq. Matçın 13-cü və 72-ci dəqiqələrində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
DOSTLARINLA PAYLAŞ: