AFFA Berti Foqtsla bağlı qərar verməyib
03 Noyabr 2011 Cümə Axşamı 23:21
Rövnəq Abdullayev: "Onun millimizdə qalıb-qalmayacağı İcraiyyə Komitəsinin iclasından sonra bilinəcək".
“AFFA Berti Foqtsla bağlı hansısa qərar verməyib. Onun millimizdə qalıb-qalmayacağı İcraiyyə Komitəsinin iclasından sonra bilinəcək”. Bunu bu gün jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib. Qeyd edək ki, bu gün Bakı Biznes Mərkəzində 2010/2011 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən sonra media nümayəndələrinin suallarını cavablandıran R.Abdullayev Vaqif Cavadovun milli komandamızdan imtinasına da toxunub.

“Əlbəttə ki, Vaqif Cavadovun hərəkətini düzgün saymıram. Futbolçu ilk növbədə əsgərdir. Əsgər də ilk növbədə Vətənə qulluq etməlidir. Əgər futbolçu da əsgər kimi xidmət yerini tərk edirsə, fəraridir”, - deyə o vurğulayıb.

R.Abdullayev həmçinin bildirib ki, Gəncə və Sumqayıt şəhərlərindəki stadionlarda təmir işləri aparılacaq: “Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yenidənqurma işləri aparılacaq və stadion 15 min azarkeş tutacaq. Eləcə də, Gəncə şəhərindəki arenanın təmiri nəzərdə tutulub”.

Oktyabrın sonlarında ölkə başçısı İlham Əliyevin iştirakı ilə Ağsuda yeni stadionun açılışı olub. Bununla bağlı danışan Abdullayev bildirib ki, yaxın gələcəkdə Ağsuda da futbol komandası olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar